Sabiq deputatın oğluna qarşı dələduzluq edən şəxsə hökm oxundu

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğluna qarşı dələduzluqda təqsirləndirilən Rövşən Heybətovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə R. Heybətobun vəkili Vasif İsrafilov müdafiə nitqi ilə çıxış edib.

O, bildirib ki, R. Heybətovun əməlində cinayət tərkibi yoxdur, pullar da borc kimi alınıb: "Bu gün də həmin zərər ödənib və Rövşən Heybətov zərərçəkmiş şəxslə barışıb. Bütün bunlar onun əməlini yüngülləşdirən amillərdir. Buna görə də ona həbslə bağlı olmayan cəza verəsini xahiş edirəm".

R. Heybətov da son sözlə çıxış edərək, barəsində ədalətli qərar çıxarılmasını istəyib: "Zərərçəkmişlə həmişə dost olmuşuq və bu gün də dostam. Aramızdakı pul məsələsi dələduzluq deyil, borc olub. Bəzi insanların səhvinə görə, Elnurla münasibətimiz pozulmuşdu və iş bu yerə gəlmişdi".

Sonra hökm oxunub. Hökmə əsasən, R. Heybətov barəsində 1 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.

Qeyd edək ki, idman ustası, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətov sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovun şikayəti əsasında həbs edilib.

Elnur Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək ona qarşı 200 min manat miqdarında dələduzluq əməli törətdiyini bildirib.

Faktla bağlı araşdırma aparılıb, Rövşən Heybətov saxlanılıb. Onun barəsində ötən il noyabrın 25-də Xətai rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Sonradan onun barəsində ev dustaqlığı ilə bağlı qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.

Elnur Məmmədov "Best of the Best" promoşn qrupunun prezidenti, həmçinin, K-1 döyüş üzrə beynəlxalq qurumun Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsidir.(APA)

DİGƏR XƏBƏRLƏR

Top