Mingəçevirdə süpürgəçinin evinə qaz çəkmirlər - FOTO

Mingəçevir sakini Rəhimə Salamova Yeniavaz.com saytına uzun illərdir həllini tapmayan problemi ilə bağlı müraciət edib.

R. Salamova bildirir ki, Mingəçevir Yaşıllaşdırma İdarəsində 20 ilə yaxındır işləyir. Küçələri süpürməklə ayda 120 manat maaş almaqla 5 nəfərlik ailəsini dolandırır. Rahimə "Energetiklər" qəsəbəsində tikdirdiyi evinə qaz çəkdirə bilmir. Həmin əraziyə qaz çəkiləndə evləri tam hazır olmadığna görə qaz xətti çəkilməyib. 5 ildir ki, qazsız qalıblar: "5 ildir mavi yanacağımız yoxdur. Qış aylarında daha çox əziyyət çəkirik. Çox imkansız bir ailəyik. Bu evi də qohum-əqrabanın köməkliyi ilə tikdirmişik. Aidiyyəti qurumlara ayaq döyməkdən yorulmuşam. Həyat yoldaşım fəhlədir. Nə vaxt iş tapanda işləyir. 3 övladım var. Şəraitsiz evdə yaşamaq mümkün deyil. Yaşadığımız ərazidə telefon xətti də yoxdur. Bir adam xəstələnəndə "təcili yardım" da gəlmir. Çünki yollarımız bərbaddır. Bütün bu problemlərə dözürük, amma qazsız yaşamaq mümkün deyil. Qaz idarəsi məndən xətti çəkmək üçün 500-600 manat pul istəyir. Mən də deyirəm ki, 3 ay yeməyib, içməyib 255 manat verib qaz sayğacını ala bilərəm. Amma qaz borularını çəkdirməyə imkanım çatmır. İmkanlı şəxslərə də müraciət etdim, heç kim mənə kömək etmək istəmir. Aidiyyəti quruma məktubla müraciət etdim. Məktubuma cavab gəlmədi. Siz baxın, görün bu vəziyyətdə yaşayan adam da bu qədər pul hardan ola bilər? Qarın dolusu çörək yemirik. Xahiş edirəm, səsimi eşitsinlər, bizim evə qaz çəkilməsinə köməklik etsinlər".

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top