"Quyuya düşmək istəyən bu küçəyə gəlsin" - FOTOLAR

Tovuz şəhərinin Şəhriyar küçəsinə gələnlər quyuya düşürlər. Yeniavaz.com saytı xəbər verir ki, buna səbəb həmin küçədə uzun müddətdir kanalizasiya quyusunun qapağının olmaması və baxımsızlıq səbəbindən həmin yerdə böyük quyunun əmələ gəlməsidir.

Küçədə yaşayan sakinlər bildiriblər ki, həftədə ən azı 2-3 maşın həmin quyuya düşür. Hətta bəzən yerli su-kanal idarəsinin, icra hakimiyyətinin işçiləri də maşınların burada quyuya düşdüyünü görüblər, amma heç nə olmamış kimi yollarına davam ediblər və həmin quyunun olduğu ərazinin təmir edilməsi, qapağının qoyulması barədə tədbir görməyiblər.

Fotoları redaksiyamıza göndərən şəxsin dediyinə görə, Şəhriyar küçəsində quyuya düşən maşınların sahibləri naşı, buranı tanımayan adamlardılar: "Bundan başqa, marketlərə mal paylayan maşınların sürücüləri də tez-tez bu quyuya düşürlər. Onların maşınlarına zərər dəyir. Sürücülər də şikayət edirlər ki, biz burada maaşa işləyirik, dəymiş ziyanın pulu maaşımızdan tutulacaq".

Sonda həmin yerdən çəkilmiş fotoları təqdim edirik. Bu, həmin ərazidə quyuya düşən maşınların sadəcə bir neçəsidir...

DİGƏR XƏBƏRLƏR

Top