Zaurun verilişinə çıxan həkimin PASİYENTİ DƏ DANIŞDI

Xəbər verdiyimiz kimi, dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 vəzifəli şəxs həbs olunub. Xəstələrə qanunsuz, lazımsız və bahalı dərmanlar satılmasına kömək edib, bu yolla böyük məbləğdə pul qazanan həkimlər arasında adı çəkilənlərdən biri də tanınmış ginekoloq Natiq Məhərrəmovdur.

Natiq Məhərrəmovun məşhur olmasının səbəbi isə ATV telekanalında yayımlanan, Zaur Baxşəliyevin apardığı "BizimləSən" verilişində tez-tez qonaq olmasıdır. Natiq Məhərrəmov həmin verilişdə peşəkar və xeyirxah bir həkim kimi təqdim edilirdi. Bugünlərdə saytlarda yayımlanan məlumatı Yeniavaz.com saytı olaraq biz də ictimailəşdirdik.

Özünü ginekoloq N. Məhərrəmovun pasiyentlərindən biri kimi təqdim edən Anar Əliyev Yeniavaz.com saytına müraciət edərək, adıçəkilən şəxslə bağlı bəzi məlumatlar vermək istədiyini bildirib: "Həmin həkimi bacımın vasitəsi ilə tanımışam. Ailə qurduqdan sonra bir müddət övladımız olmadı. Çox həkimlərə müraciət etdik, ancaq edilən müalicələr nəticəsiz qalmışdı. Qohum-əqrəba da bundan xəbərdar idi. Bir gün bacım öz uşağını məktəbə aparanda orada bu barədə valideynlərdən birinə danışıb. Həmin qadının 9 il övladı olmayıb. Həkimlər mənə demişdilər ki, sənin övladının olma ehtimalı azdır. Bacım bu barədə məktəbdə həmin valideynə danışanda deyib ki, mənim də övladım olmurdu, məsləhət görürəm, qardaşın o həkimin yanına getsin. Beləcə, biz Natiq həkimin pasiyenti olduq. Yoldaşım hazırda hamiləliyin 6-cı ayını yaşayır, 3 aydan sonra inşallah, övladımız olacaq. Mən bunadək bir neçə həkimə getmişdim. Hamısından da soruşurdum ki, müalicəniz nə qədər davam edəcək, hərəsi bir vaxt deyirdi.

Natiq həkim mənə demişdi ki, inşallah, müalicənin 6 ay ərzində nəticəsi olar. 5 ay ümumi olaraq müalicə aldım. Hətta dərmanlarım da yarımçıq qaldı, qaytarıb verdim həkimə. Bilirsiniz, necə həkimdir - hansı xəstənin dərmanı yarımçıq qalırsa, növbəti xəstəyə o dərmanı yazmır. Həmin dərmanı verir növbəti xəstəyə - xərcə düşməsin, gedib pul verib almasın deyə. Mən onu çox vicdanlı bir insan bilirəm. Natiq həkimə ilk dəfə müraciət edəndə yoldaşımı da özümlə apardım, ona dedim "istəyirəm ancaq mən müalicə olunum". Dedi "yox, mən ikinizi də müalicə etməliyəm. Çünki birdən səni müalicə edərəm, hər şey yaxşı olar, sonra xanımda nə isə problem çıxar, mən pis vəziyyətdə qalaram".

O vaxt ona dedim ki, mənim buna maddi imkanım yoxdur. Dedi narahat olma, səndən qəbul pulu almayacağam. Müalicə etdi və şükür Allaha, nəticə yaxşı oldu. Yaxşı ki, yoldaşım da o vaxt ora gedibmiş. Sən demə, onda zob var imiş, əvvəlki həkimlərin heç biri bu barədə deməmişdi. Zobunu da müalicə etdi. İndi şükür Allaha, gözləyirik",-deyə Anar Əliyev vurğulayıb.

Anar Əliyev bildirib ki, məlum xəbəri oxuyandan sonra Natiq həkimlə görüşüb: "Həmin xəbəri gecə saat 2-də gördüm. Əgər gündüz görsəydim, dərhal zəng edərdim. Çox pis oldum. Mən onu vicdanlı bir insan, həkim kimi tanıyıram. Xəbəri eşidəndə ilk olaraq düşündüm ki, nə isə bir anlaşılmazlıq var ortada. Səhəri gün həkimin görüşünə getdim, ürək sözlərimi dedim".

Həkimin xəstələrə yazdığı dərmanlara gəlincə, A. Əliyev çox xərclərinin çıxmadığını bildirib: "İnanın, həkim olub ki, onun müalicəsinə 3 ay ərzində 1500 manat xərcim çıxıb, amma bu həkimin müalicəsinə bizim 3 ay ərzində 500 manat xərcimiz çıxar, ya çıxmaz. Hazırda həkim öz işinin başındadır. Natiq Məhərrəmov televiziyaya çıxmamışdan öncə də kifayət qədər xəstələri var idi. Reklama ehtiyacı olmayan bir həkim idi. Səhərdən axşama kimi onun növbəsində dururduq".

DİGƏR XƏBƏRLƏR

Top