İnstitutu yarımçıq qoyub könüllü cəbhəyə gedən şəxs veteran adı ala bilmir - ŞİKAYƏT

Hazırda işlə əlaqədar Türkiyənin İstanbul şəhərində yaşayan Salyan rayonunun Kürqıraqlı kəndindən olan Qarabağ qazisi Bayramov Müşfiq Adil oğlu Yeniavaz.com saytına müraciət edib.

Müşfiq Adilovun şikayəti Qarabağ veteranı statusunu ala bilməməsi ilə bağlıdır.

Müşfiq Bayramov müharibə illərində oxuduğu institutda təhsilini yarımçıq qoyub döyüşlərə yollandığını bildirib: "1991-1993-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Hərbi biletimdə də qeyd olunub. Salyan batalyonunda döyüşmüşəm, hərbçi yoldaşlarımdan sağ qalanlar var. İndi işlə əlaqədar İstanbuldayam. Məni narahat edən odur ki, bu günə qədər "Müharibə veteranı" vəsiqəmi ala bilmirəm".

M. Adilov deyib ki, işsizliklə əlaqədar müharibədən sonra ölkədən kənarda yaşayıb. Ölkəyə qayıdandan sonra "Müharibə veteranı" vəsiqəsi adı almaq üçün Müdafiə Nazirliyinə, Prezidentə, Mehriban xanım Əliyevaya müraciət edib. Ancaq Müdafiə Nazirliyindən göndərilən məktublarda ona imtina cavabı verilib: "Ağdamdan başlayaraq Ağdərəyə qədər - İnstitutu, iş-gücümü ataraq könüllü gedib döyüşlərdə iştirak etmişəm. Döyüşlərin birində "Bakı" batalyonundan olan ağır yaralını döyüş bölgəsindən çıxarmışam. Mühasirəyə də düşmüşük.

Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin rəisi, mayor Rəşad Qənbərovun, Ərizə və şikayətlər bölməsinin aparıcı məsləhətçisi - bölmə müdiri Sevil Koroğluyevanın adından mənə göndərilən cavabda bildirilib ki, adı Müşviq olan Adilov soyadlı əsgər döyüşlərdə iştirak edib, ancaq Müşfiq Adilov olan isə döyüşməyib.

Sonradan Prezidentə və xanımına məktub yazdım, bu dəfə Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın katibi Elbrus Mehdixanovun adından cavab gəldi ki, sənədlərdə sənin döyüşə girişin var, amma çıxışın yoxdur. Komissiya göndərib yoxlamaq əvəzinə kağız üzərində insan taleyi həll edirlər. Öz ölkəmizdən didərgin düşmüşük, işə görə. Amma imkan edib mənimlə döyüşlərdə iştirak etmiş 3 nəfərlə birgə notariusa getdim, onlar mənim döyüşlərdə iştirakımı şahid kimi rəsmi şəkildə təsdiq etdilər. Notariusun təsdiq etdiyi həmin sənədləri bir daha göndərdim Müdafiə Nazirliyinə. Bu dəfə də cavab gəldi ki, sənin döyüşə girişin var, çıxışın yoxdur. Mən başa düşə bilmirəm, döyüşə girmişəmsə və çıxmamışamsa, onda məni niyə axtarmayıblar? Dərdimi deməyə yer tapa bilmirəm. Mən döyüşə girəndə möhür üçün girməmişəm. Mənə deyirlər ki, sənin hərbi biletində möhür eyni vərəqə vurulub. Döyüşə girişlə çıxış eyni yerə yazılıb. Bildirirlər ki, bunlar başqa-başqa vərəqlərdə yazılmalı idi. Xidmət etdiyim hərbi hissənin möhürü də var. Başım çıxmır, mən ora yazar getmişdim, yoxsa döyüşməyə? Vallah, heç mən bilmirdim ki, ora nə isə yazılmalıdır, nə isə qeyd olunmalıdır. Gedib bir vətən oğlu kimi düşmən qarşısında döyüşmək hayında olmuşam o vaxt mən, möhür hayında yox. Ya məni tutsunlar, ya da mənim haqqımı, adımı özümə qaytarsınlar. "Döyüşə girişin var, çıxışın yoxdur" deyirlər, yaxşı, onda mən kəşfiyyatçıyam?"

"Tələbim odur ki, 92-ci ildən bu günə qədər müharibə veteranı kimi almadığım müavinəti versinlər, "Müharibə veteranı" adımı bərpa etsinlər. Komandirim də Salyandadır, mühasirəyə düşdüyüm 30-40 nəfər hərbiçi də şahid dururlar. Xahiş edirəm, mənim bu problemimi ictimailəşdirin, aidiyyəti qurumlar obyektiv bu işə baxsınlar. Məruz qaldığım haqsızlıq vətənini sevən bir insan kimi mənə mənəvi əzab verir",-deyə Müşviq Adilov bildirib.

Qeyd edək ki, M. Adilovun etdiyi bu müraciəti ictimailəşdirməklə yanaşı, Müdafiə Nazirliyinə sorğu da göndərəcəyik.

Sorğunun cavabı Yeniavaz.com saytında yayımlanacaq.

DİGƏR XƏBƏRLƏR

Top