Özbəkistan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına qoşulur

Özbəkistan hökuməti Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına qoşulmaq qərarına gəlib. “Anadolu” agentliyinin xəbərinə görə, bunu Özbəkistan prezidenti Şövkət Mirziyoyev Daşkənddə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. “Prezident Ərdoğanla uzun söhbət etdik. Özbəkistan bayrağı da Şuradakı bayraqlar arasında yer alacaq. Bişkekdəki növbəti toplantıya Özbəkistan da qatılacaq. Bu, önəmli, böyük bir qərardır”, - deyə Ş. Mirziyoyev bildirib.

Qeyd edək ki, R. T. Ərdoğan bu gün Özbəkistana rəsmi səfər edib. İki ölkə arasında 25 rəsmi sənəd imzalanıb.

Xatırladaq ki, 16 sentyabr 2010-cu il tarixində türkdilli ölkələrin dövlət başçılarının İstanbulda keçirilən 10-cu zirvə toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında qərar qəbul edilib. Qurumda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan təmsil olunur.APA

DİGƏR XƏBƏRLƏR

Top