Bu ilin I rübü ərzində qeyri-neft sektoru üzrə ixrac 356,4 milyon dollar təşkil edib. 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-mart aylarında qeyri-neft sektoru üzrə ixrac 35 faiz artıb. Yeniavaz.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən açıqlanan məlumatlara istinadən bildirir ki, cari ilin ilk 3 ayı ərzində ən çox qeyri-neft məhsullarımız Rusiya ixrac edilib (98,7 milyon dollar).
2018-ci ilin I rübü ərzində ixrac olunan qeyri-neft sektoruna aid məhsullar arasında isə elektrik enerjisi birinci (33,9 milyon dollar), qızıl (30,9 milyon dollar) ikinci, xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (26,3 milyon dollar) üçüncü olub.
Həmçinin cari ilin yanvar-mart aylarında tomatın (pomidor) ixracı 24 milyon, qabığı təmizlənmiş meşə fındığının ixracı 23,7 milyon, xurmanın ixracı 19,1 milyon, pambıq lifinin (daranmaya məruz qalmamış) ixracı 13,3 milyon, alüminium ərintilərindən qalınlığı 0,2 mm-dən çox olan düzbucaqlı plitələrin ixracı 11 milyon, daş kömür qatranının yüksək temperaturlu qovulmanın digər yağlarının ixracı 9,5 milyon, almanın ixracı 9 milyon dolları təşkil edib.
Ümumiyyətlə isə 2018-ci ilin I rübü ərzində meyvə-tərəvəzin ixracı 80,7 milyon, elektrik enerjisinin ixracı 33,9 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 32,2 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 30,9 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 15,8 milyon, kimya sənayesi məhsullarının ixracı 12,4 milyon dollar olub.
Qeyd edək ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin I rübündə elektrik enerjisinin ixracı 8,6 dəfə, meyvə-tərəvəzin ixracı 45,7 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 34,8 faiz, kimya sənayesi məhsullarının ixracı 29,5 faiz, pambıq ipliyinin ixracı 24,8 faiz, çayın ixracı 12,9 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 4 faiz artıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin mart ayında isə qeyri-neft sektoru üzrə ixrac 115 milyon dollar təşkil edib. 2018-ci ilin mart ayında qeyri-neft sektoruna aid ən çox mal Türkiyəyə ixrac edilib (32,2 milyon dollar).
2018-ci ilin mart ayında qeyri-neft sektoru üzrə ixracda elektrik enerjisi (13,6 milyon dollar) birinciliyini qoruyub. Bu siyahıda ikinci yeri tomat (9,3 milyon dollar), üçüncü yeri isə qabığı təmizlənmiş meşə fındığı (8,3 milyon dollar) tutub.
Cari ilin mart ayında xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilenin ixracı 7,9 milyon, qızılın (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda) ixracı 6,3 milyon, emal olunmamış aşqarlanmamış alüminiumun ixracı 4,6 milyon, alüminium ərintilərindən qalınlığı 0,2 mm-dən çox olan düzbucaqlı plitələrin ixracı 3,5 milyon, daş kömür qatranının yüksək temperaturlu qovulmanın digər yağlarının ixracı 3,5 milyon, qara metallardan neft-qaz buruqlarının qazılması üçün qaynaq yeri olmayan digər nasos-kompressor borularının ixracı 3,4 milyon, pambıq lifinin (daranmaya məruz qalmamış) ixracı 3,3 milyon, mis və sink əsasında emal olunmamış ərintilərinin (latun) ixracı 2,9 milyon, almanın ixracı 2,6 milyon dolları olub.