Sevinc Fətəliyeva: "AŞPA illərdir, Azərbaycanın səsini eşitmir"

"Müstəqil Araşdırma Qurumunun hesabatında real faktlar yoxdur, sadəcə ittihamlar irəli sürülür". Bu sözləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva AŞPA-nın yaz sessiyasında Müstəqil Araşdırma Qumunun korrupsiyaya dair hesabatı barədə müzakirələrdə çıxışı zamanı deyib.

O bildirib ki, AŞPA neçə ildir, Azərbaycanın səsini eşitmir: “Biz Azərbaycan torpaqlarının işğalı barədə danışırıq. Amma eşitmirsiniz, öz eşitmək istədiyinizi eşidirsiniz”.

Daha sonra çıxış edən digər azərbaycanlı deputat Ülviyyə Ağayeva bildirib ki, bu gün baş verənlər hesabatın yayılmasında əsas məqsədin problemi tapmaq və həll etmək deyil, üzv dövləti qaralamaq olduğunu aydın göstərir.

Deputat Asim Mollazadə isə çıxışında deyib ki, AŞPA-da korrupsiya çox təhlükəli haldır və bu, təkcə AŞPA-nı deyil, digər Avropa təşkilatlarını zədələyir: “Eyni zamanda maraqlıdır ki, bizə təqdim edilən sənəddə ancaq bir ölkə barədə danışılır. Məhz Azərbaycanın seçilməsi təhlükəli siqnaldır”.

Qeyd edək ki, AŞPA-nın Müstəqil Araşdırma Qurumu təşkilat daxilində korrupsiya faktları ilə bağlı hesabat hazırlayıb. Hesabatda Azərbaycanla münasibətdə korrupsiya faktı ilə bağlı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, həmməruzəçilər Stefan Şennak, Sezar Florin Preda, keçmiş AŞPA sədri və keçmiş Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramunt, parlamentar Yordi Çukla və digərlərinin adı çəkilir.APA

DİGƏR XƏBƏRLƏR

Top