"Evi sökülənlərə kvadratmetrə uyğun yeni mənzillər verilir" - Gəncədə

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların növbəti səyyar qəbulu keçirilib. Yeniavaz.com xəbər verir ki, Gənçəçayın sol sahili ərazisində keçirilən qəbulda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhərin idarə-müəssisə rəhbərləri və sakinlər iştirak edib.

İcra başçısı Elmar Vəliyev bildirib ki, evi sökülən hər bir vətəndaş evinin kvadratmetrinə uyğun olaraq yeni mənzillə təmin olunur. Sakinlər üçün inşa edilən fərdi evlərin hər birinə artıq qaz, su və elektrik xətləri çəkilib. Sakinlərin bir qismi artıq yaşayışını yeni mənzilində davam etdirir.

Qəbulda 30-dan çox sakinin müraciəti dinlənilib. Vətəndaşlar torpaq sahəsi ilə təminat, əlavə evin tikilməsi, çoxkülfətli ailələrə evinin mövcud kvadratmetrindən artıq evin verilməsi ilə bağlı şəhər rəhbərinə müraciət ediblər. Vətəndaşların müraciətlərini tək-tək dinləyən icra başçısı qaldırılan məsələlərin araşdırılması və həlli ilə bağlı tapşırıqlarını verib. Bir sıra məsələlər isə yerindəcə həll edilib.

Qeyd edək ki, Gənçaçayın sol sahilində yerləşən və yağış sularından əziyyət çəkən 130 evin sakini ərazidən artıq köçürülüb. Daha 26 evin köçürülməsi isə davam edir. Burada Gəncə memarlığına xas olan layihə əsasında salınacaq tikililər şəhərin simasına xususi yaraşıq verəcək.

Vüqar Nəbiyev, Gəncə

DİGƏR XƏBƏRLƏR

Top