Kimi təqlid etməyə səsləyək?

Motstartın üçlüyü və geriyə dönüş

“Tək insan həlledilməz müəammadır, əvəzində insanlar məcmusu özlüyündə hansısa riyazi vəhdəti təmsil edir və müəyyən qanunlara tabedir.” Artur Konan Doyl

“Sehrli fleyta”

Gecələr Çariçasının qızı Paminanı sehirbaz Zarastro qaçırdır. Qızın portiretini görən şahzadə Tamino ona vurulur və sevgilisni xilas etməyə qərar verir. Gecələr Çariçası şahzadə Taminoya sehirli fleyta və köməkçilər verir və qızını xilas etməyə göndərir. Papaqenoya da sehrli zəng verilərək Taminodan ayrılmamaq və kömək etmək tapşırılır.

Bu yolda onları bir sıra çətinliklər gözləyir. Sonda isə hər biri, həm Tamino, həm də Papaqeno 3 sınaqdan keçməli olur. Papaqeno sınaqdan keçməkdən imtina edir. Tamino isə ilk ikisindən uğurla keçir. İlk iki sınağın mahiyyətini bilməyən Papina sevgilisinin artıq onu sevmədiyini düşünür və özünə ölüm arzulayır. Amma üç köməkçi onu sakitləşdirir və səbirli olmağa dəvət edirlər. Sakitləşən gənc qız sevgilisinin yanına gəlir və onlar sehirli fleytanın köməyi ilə birlikdə sonuncu sınaqdan – od və sudan – uğurla keçirlər.

Sınaqlardan imtina edən Papaqeno isə cəzalandırılır və öz sevgilisini itirir. Ümidsizliyə qapılaraq özünü asmaq istəyən Papaqenoya yenə də kənardan müşahidə edən üç köməkçi yardım edir – sehirli zəngi ona xatırladırlar. Məhz onların bu xatırlatması Papagenonun yenidən öz sevgisinə qovuşmasına kömək edir.

Bu Motsartın “Sehrli fleyta” operasının liberettosunun qısa məzmunudur. İndi isə klassik operanı bir azacıq kənara qoyaq və hazırkı dövrümüzə qayıdaq. Təxəyyülümüzə bir balaca güc verib, təsəvvür edək ki, yeri gələndə xatırlatmaları ilə Motsartın qəhrəmanlarına kömək edən o üçlüyün yerində əllərində mikrofon, fotoaparat, videokamera və səsyazanlar olan kütləvi informasiya vasitələrinin nümayəndələridir. Biz azacıq da səy göstərib özünə ölüm arzulayan gənc xanım Papinanın durumu barədə yazıların başlıqlarını, yaxud ümidsizliyə qapılan Papagenonun fotoşəkillərini təsəvvür edin. Yəqin ki, təxəyyülünüzdəki bu mənzərədə həmin gənc xanıma, gənc oğlana uzanan mikrofonların və “Siz indi hansı hissləri keçirirsiniz?”, yaxud “Siz fikirləşdiklərinizi necə etməyi planlaşdırırsınız?” tipli sualların da xüsusi yeri olacaqdır.

Təqlid qanunu

Bu tip ifadələrlə hamımız nə vaxtsa rastlaşmışıq: “10 həkimdən 9-u bu diş fırçasını (və ya diş məcununu) tövsiyyə edir”, yaxud: “Alıcların 95 faizi bu yuyucu tozdan istifadə edir”. Bunlar sadə reklam sözləri deyil, bu kəlmələr birbaşa şüuraltına təsir edir. Mallarla dolu rəflərin önündə seçim etmək anı gəldikdə biz məhz bu malları seçməyə üstünlük verəcəyik. Çünki təqlid qanunu işə düşür – axı çoxluq bundan istifadə edir.

Psixologiyaya görə təqlid başqalarının (ətrafındakı çoxluğun) hərəkət, əməl və işlərini yamıslamaqdır.

Fransız sosioloqu Qabriel Tard təqlidi dövlətin və onun iqtisadiyyatının, dinin, dilin inkişafına səbəb olan bir sosial hadisə kimi təsvir edir. O, ixtira və kəşflərin təqlidlə birgə ictimai prosesin əsasını təşkil etdiyi ideyasını irəli sürür. Onun öz ideyasını əsaslandırmaq göstərdiyi nümunələrdən ən sadəsi Amerikanın kəşfidir. “Amerikanın kəşfi üzərində dayanmaq istəyirəm. Bu kəşfi o mənada təqlid edirdilər ki, Kolumb tərəfindən düşünülmüş və həyata keçirilmiş Avropadan Amerikaya ilk səyahət başqa dəniz səyyahları tərəfindən müxtəlif istiqamətlərdə çoxlu yeni səyahətlərə səbəb oldu; bu səyahətlərdən hər biri kiçik bir kəşf olaraq dahi keniyalının təqlidçilərini tapmış kəşfinin övladı kimi idi.” (Qabriel Tard. “Təqlid qanunları”).

Platon isə insanların mifik kosmik-ilahi idarəçiliyin əsaslarını yamsılamağı yer üzərində həyatın düzgün təşkili üçün vacib şərt hesab edirdi.

Dinin də təqlidə özünə məxsus baxışları var.

Bizim milətin nümayəndələri təqlid barəsində kitab yazamasa da, ona şeir həsr etmişilər (Rüfət Əhmədzadə, “Qonşudan qalma dala”).

Təqlidə elmi, dini, iqtisadi və sair baxışlar coxsaylı və müxtəlifdir. Bu rəngarəgliyi kənara qoyub bir məsələni qeyd edək – təqlid insanın ömür karvanını yarı yolda da qoya bilər.

Atamın babasını ötən əsrin 30-cu illərində Orta Asiyaya sürgün ediblər. 1941-ci ildə onunla birgə sürgün edilmiş oğlanlarından böyüyü evdən qaçaraq cəbəhəyə gedənlərin sırasına qoşulur – onu yurdundan didərgin salan Stalini qorumaq üçün. Halbuki yaşına və statusuna (hər halda xalq düşməninin oğlu idi) görə cəbhəyə getməyə bilərdi. Amma ətrafındakıların əksəriyyəti, özü də könüllü sürətdə döyüşən orduya yazılırdı axı.

1980-cı illərdə Amerikada məktəblərdə narkotik istifadəsini azaltmaq məqsədi ilə “Sadəcə yox de!” adlı kampaniya keçirilir. Kampaniya çərçivəsində televiziya vasitəsi ilə yayılan reklam roliki də çəkilir. Amma sonrakı araşdırmalardan məlum oldu ki, bunun əks təsiri olub - reklama baxanlar arasında narkotikə maraq çoxalıb. Səbəbi isə sadədir. Bir anlığa təsəvvür edin ki, uşaqsınız, narkotiklər barədə məlumatınız yoxdur və oturub evdə televizora baxırsınız. Birdən ekranda narkotik barədə danışmağa başlayırlar, ondan istifadə edənlərin sayının çoxaldığını (diqqət edin: sayının çoxaldığı) deyirlər və bildirirlər ki, yuxarı yaşlı məktəb yoldaşları sənə təklif etsələr, sadəcə “yox” de. Uşaq isə həmişə böyüklər kimi olmaq istəyir (“axı o, uşaq deyil!”), həm də, “əgər istifadə edənlərin sayı çoxalırsa, bu nəsə maraqlı olmalıdır”.

Sovetlər dövləti bir qayda olaraq təyyarə qaçırılmaları və partlayışlar barədə məlumatları gizlədirdi. 1970-ci iıin əvvəlində həmin dövlətin təhlükəsizlik xidmətinin rəhbərlərindən biri olmuş F. Bobkov bunu belə izah edirdi: “Bu gün yazacağıq – sabah başqasını qaçıracaqlar. Onları nəyə görə həvəsləndirməliyik ki?” Sonra isə həmin dövrdə Litvada baş vermiş hadisəni danışır. Belə ki, həmin illərdə Litvada bir gənc özünü Əbədi məşəl abidəsinin önündəki alovun üzərinə ataraq yandırır və ölür. Bu gəncdən milli xarakterli qeydlər olan məktub qalır. Vəziyyət gərginləşir, tələbələr, gənclər ayağa qalxır. Moskva buna ciddi yanaşır. Amma özünüyandırma halları davam edir. Özünəqəsdlərin də milli zəmində olduğu deyilsə də, araşdırmalar bunu sübut etmir...

İndi isə bir az da geriyə - 18-ci əsrə dönək. Karamzin “Zavallı Liza” povestini yazır. Povestin qəhrəmanı Lizadan onun sevgilisi Erast imtina edir. İmtina edilmiş sevgisinə görə özünü bədbəxt hesab edən Liza palıd ağacının altındakı nohura tullanaraq intihar edir. Povest işıq üzü gördükdən sonra Simonov monastırının yaxınlığındakı palıd ağacının altındakı nohuru xalq, povestin qəhrəmanının adı ilə adlandırır. Belə hesab edilir ki, məhz Liza burada suya atılmışdır. Bu qocaman palıd ağacı və nohur çoxluğun ziyatərgahına çevrilir və həm də sevgisi daşa dəymiş qızların özünə qəsd yerinə. Gənc qızlar Lizanı təqlid edərək məhz burada özlərini suya tullayaraq boğulmağa üstünlük verməyə başlayırlar...

Ədəbiyyatla bağlı başqa bir nümünə də var. Bu Hötenin "Gənc Verterin iztirabları” əsəridir. Əsərin təsir gücü o dərəcədə böyük olur ki, özünəqəsd bir epidemiya kimi Avropanı bürüyür, hətta bir çox ölkələrdə əsərin çapı və yayılması dövlət səviyyəsində qadağan edilir. Sonradan Kaliforniya universitetlərindən birinin sosioloqu Devid Filips tərəfindən araşdırılan bu fenomen "Verter effekti” adını alır.

Yuxarıda qeyd etdiyimiz Qabriel Tard təqlidin üç qrupa bölür: idealın təqlidi, nümunəyə əsaslanan təqlid və qarşılıqlı təqlid. Eyni zamanda göstərir ki, təqlid üçün ideal və nümunəni ümumiləşdirib çatdıran vasitə olmalıdır.

Bunu təxminən belə də deyə bilərik: insanın hər hansı hərəkəti yamsılması yaxud yamsılamamsı üçün onun ətrafında olan digər insanların fəaliyyəti (davranışı, sözü və sair) yaxud fəaliyyətsiziliyi əhəmiyyətli rol oynayır.

Flipsin tədqiqatları bu gün hər birimizi əhatə edən kütləvi informasiya vasitələrinin həyati vacib bir məsələyə - “olum, yaxud ölüm” sualının cavabına təsirini araşdırır. Verter effekti bu təsirlərdən biri, yəni televiziya, mətbuat yaxud digər KİV-də geniş şəkildə işıqlandırılmış intiharı yamsılayan kütləvi intiharlar dalğasıdır. Bu effekt, Devid Filps və onun araşdırmaları barədə internetdən istədiyiniz qədər məlumat ala bilərsiziniz.

“Papaqeno effekti”

Amma Karmzinin yaxud Hötenin nümünəsindən fərqli bir nümünə də olmalıdır. Fərqli nümünənin olmaması qeyri-təbii olardı, çünki, həyatda hər şeyin əksi var, seçim həmişə var - Xeyir və ya Şər, İşıq və ya Zülmət, Olum və ya Ölüm kimi. Yaxud “bir medalın iki üzü” deyimini xatırlayaq.

Belə bir nümunə var və bu nümunə yazının əvvəlində qeyd etdiyimiz Motsartın “Sehrli fleyta”sının personajlarının davranışıdır. Bu davranış və onun təsiri “Papaqeno effekti (yaxud fenomeni)” adlanır. “Verter effekti” medalın bir üzüdürsə, “Papaqeno effekti” də digər üzüdür. Hötenin qəhrəmanını təqlid etmək ölümdürsə, Motsartın qəhrəmanlarının təqlidi olum deməkdir.

Fikir vermisinizsə, yuxarıdakı nümunələrin bəzisinin sonunda üç nöqtə qoyulub. Həmin nümunələrin davamına nəzər salaq.

Beləliklə, Litvada özünəqəsdlər davam edir. Moskva nə edəcəyini bilmir. Təsadüf elə gətirir ki, Roma polisinin şefi bu ərəfədə Moskvada qonaq olur. Onunla məsləhətləşirlər. O isə öz təcrübəsindən bir hadisə danışır: Romada bir gözəl gənc qız pəncərədən atılaraq intihar edir. Bütün şəhər onun dəfninə çıxır, dəbdəbəli dəfn mərasimi olur. Şəhərdə romantik bir hekayət dolaşır: gözəl qız, pəncərədən tullanış və dəbdəbəli dəfn. Sonra növbəti gənc qız, daha sonra üçüncüsü, dördüncüsü. Hər birində də bütün şəhərin diqqəti bu hadisədədir. Polislər əvvəlcə nə edəcəklərini bilmirlər, sonra isə əllərini yelləyərək deyirlər – qoy özləri üçün tullansınlar. Dəbdəbəli dəfnlərə son qoyulur – gözəllər də daha özlərini pəncərədən atmırlar. Moskva özü üçün müvafiq nəticə çıxarır: qoy yansınlar, bizim heç bir reaksiyamız olmayacaq. Bundan sonra bir özünü yandırma, səssiz reaksiya və son.

Zavvallı Liza ilə bağlı hekayətin də sonluğu təxminən belədir. İnzibati yolla nöhura tullanmaların qarşısını almaq olmur. Lakin bir müddət sonra ağacların birinin gövdəsində belə bir yazı oxumaq olardı: “Burada Erastın nişanlısı ölüb. Boğulun, qızlar, nohurda yer hamınıza bəs edər”. Yazı kiminsə tərəfindən kinayə ilə yazılmışdı, amma növbəti qurbanları xilas edir.

Qeyd etdiyimiz kimi, KİV-nin kütləvi intiharların artmasına təsiri “Verter effekti” adlandırılıb. Əksinə, KİV-in problemin həllinə köməyi, böhran vəziyyətində fərqli davranış modeli təklif etməsi "Papaqeno effekti" adlanır.

Düzdür, Hötenin qəhramanın adı ilə adlandırılan fenomon geniş araşdırılıb, amma “Papaqeno effekti” haqqında bunu demək olmaz.

Lakin bu aydındır ki, böhran vəziyyətində olan şəxsə ətrafın davranışı müsbət təsir göstərib onu ölümdən oluma döndərə bilər - Motsartın qəhrəmanına ətrafındakı üçlüyün təsiri kimi. Ancaq onu da unutmaq olmaz ki, bu iki effekti çox incə bir xətt ayırır. Odur ki, böhran durumda olan insana birbaşa təsir edə biləcək məlumatları təqdim edən şəxsin peşəkar qabiliyyəti daha yüksək olmalıdır. Həm də burada söhbət təkcə intiharlardan getmir. Məsələn, narkotiklər – bu da tədricən edilən intihardır, yaxud ailə problemlərini, istənilən zorakılıq hallarını tirajlayan yazılar və verlişlər də bu kateqoriyadandır.

Qeyri-peşəkar münasibət həmin o incə xəttin tapdanmasına səbəb olar, nəticə tamam əksinə alınar, eynilə yuxarıdakı “Sadəcə yox de!” adlı kompaniya da olduğu kimi.

Çox təəssüf ki, bu gün mətbuat, efir, sosial media bir-çox halda bu iki effekti ayıran qızıl ortanın haradan keçməsinin fərqində deyil. Amma vacibdir ki, hansısa xəbəri söyləyənlər, yazanlar və bu xəbərin surətini çıxarıb paylaşanlar (yeri gəlmişkən, “Copy” sözünün tərcüməsinin digər variantı təqlid etməkdir) bütün bunların böhran vəziyyətdə olanlara təsiri haqqında da fikirləşsinlər. Ən azından, heç olmasa xatırlasınlar ki, bu risk qrupuna daxil olanlar içərisində özlərinin xəbəri olmadan öz yaxınları da ola bilər. Ən dəhşətlisi isə budur ki, risk qurupuna aid olanların (istər intiharlar, istər narkotik, istər ailə münaqişələri və sair) əksər hissəsi yeniyetmələrdir.

Əlbəttə, mən nə yazmaq, necə yazmaq barədə kimisə öyrətmək iddiasında deyiləm. Amma, mənim fikrimcə, qeyri-peşəkarlar, xususilə də sosial şəbəkələri dolduran, dünən bir-iki cümləni ardıcıl düzüb normal bir abzas qura bilməyən, bu gün isə kompüterin bir-iki düyməsini vuraraq “jurnalist” olanlar bu sahədən uzaq olmalıdırlar. Bu tipli xəbərlərin təqdim edilməsi ilə həqiqi peşəkarlar məşğul olmalıdır, özü də nəfsini boğa bilən peşəkarlar. Həmin peşəkarlar da unutmamalıdrlar ki, öyrənmək beşikdən məzaracan davam edir. Yuxarıda qeyd etdiyim effektlər barəsində internetdən çoxlu məlumat əldə etmək olar. Həmçinin Sənan Nəcəfovun bu barədə çox gözəl yazısı var. “Google”nin Azərbaycan sektorunda “Papaqeno effekti” yazıb axtarışa verməklə bu yazı ilə tanış ola bilərsiniz. Məqalənin adı belə deyil, sadəcə azərbaycan dilli sektorda bu effekti xatırladılan hələki yeganə yazıdır. Və təəssüf ki, yeganə yazıdır! Belə araşdırmalar daha çox olmalıdır. Bilirsiz niyə?

Qara təqlid

Uzun müddət uşaq psixologoyası ilə məşğul olmuş Kolumbiya Universitetinin professoru Devid Şafferin (David Shaffer) sözlərinə görə, gənclərin emossiyaları böyük tezlikə dəyişir – güclü qəzəb yerini ani olaraq qorxuya verə bilər, yaxud əksinə. Hər hansı qərarı (təəssüf ki, buraya yuxarıda qeyd etdiklərimiz də aiddir) onlar çox qısa zaman kəsiyində impulsiv olaraq verirlər. (mənbə: www.cablook.com/mixlook/ )

Onun dediklərinə görə yeniyetmələrin 20 faizi nə vaxtsa özünə qəsd etmək barədə fikirləşib! Xoşbəxtlikdən hamısı fikirləşdiyini icra etmirlər. Özünün kifayət qədər həyati təcrübəsi olmadığından yeniyetmə təqlid üçün nümunə axtarır, onlar öz qərarlarının düzgünlüyünə əmin olmaq istəyirlər. Belə qeyri-sağlam qətiyyətli yeniyetmənin öz düşündüyünün icrası üçün təkcə bir təkan bəs edir. Belə güclü təkanlardan biri də məhz KİV-də gedən xəbərlərdir. Bu gün təqlid üçün yeniyetməyə daha çox nümunəni isə sosial-media təqdim edir, əksəriyyəti də pis nümunə. Bu sırada ən böyük zərbəni vuran “copy-paste jurnalistlərdir”. Hər kəs özü üçün sosial-şəbəkələrdə bir səhifə açır. Hansısa KİV-nin qeyri-peşəkarcasına (bəlkə də peşəkarcasına) yayımladığı zorakılıq, ölüm, kriminal xarakterli xəbəri öz rəyi ilə yenidən paylaşır. Kim deyə bilər ki, həmin paylaşıma istifadəçi-yeniyetməyə hansı anda çatacaq? Həmin anda onun pisxoloji durumu necə olcaq? Emossiyaları hansı vəziyyətdə olacaq?

Bu günki texnologiyalar işimizi asanlaşdrıb, amma eyni zamanda yeni problemlər də yaradıb. İnternetin inkişafı, saytlar, şəxsi bloqlar, çatlar, forumlar, facebook və digər sosial şəbəkələr informasiyalara girişi asanlaşdırıb - sosial medianın istənilən növü vasitəsi ilə artıq informasiya axtarmaq üçün uzağa getməyə ehtiyac yoxdur. İnformasiya sözün həqiqi mənasında ovucumuzun içindədir – mobil telefonun bir-iki düyməsi bunun üçün bəs edir. Özlüyündə yeni texnologiyalar pis, yaxud yaxşı deyil, bu onların kimin əlində olmasından asılıdır.

Bu gün internetin intihar (Verter effekti) və antiintihar (Papaqeno effekti) effektlərinin öyrənilməsi vacib məsələlərdən biridir. Bu sahədə Stefano Totaro və onun əməkdaşlarının (İtaliya, Padua universiteti), E.Anroxin (Rusiya, Orenburq), E.B.Lyubov (Rusiya, Moskva), J.Robinson, H.Herrmannin araşdırmaları (mənbə: https://cyberleninka.ru-dvulikaya-pautina-verter-vs-papageno) araşdırmaları məhz bu yönümlüdür. Onlar bu araşdırmalarında kiber intihar, kiber təqib, qrup halında onlayn intiharlar (“ölüm qrupları”), internet asılılığın doğurduğu fəsadlar və eyni zamanda internet məkanda “Papaqeno effekti”-nin tətbiqi yollarını araşdırıblar. Bu araşdırmlalr nəticəsində irəli sürülən təklifləri təxminən aşağıdakı kimi qruplaşdırmaq olar:

  • Risk qrupuna daxil olan insanların və onların yaxınlarının internet vasitəsi ilə aşkarlanması, onların onlayn müraciətlərinin təmin edilməsi üşün resursların yaradılması, internet forumlardan, elektron poçtlardan istifadə edilməsi, yaşamağı təlqin edən elektron resursların, bloqların yaradılması.

Bunları özündə əks etdirən elektron resurslara www.suicidology.org, www.befrienders.org, pobedish.ru, www.nosuicid.ru saytlarını nümunə kimi göstərmək olar. “İnsanları mühakimə etmədən dinləyirik və onlara kömək edirik” devizi ilə fəaliyyət göstərən “Befrienders” Beynəlxalq təşkilatı elektron poçt vasitəsi ilə böhran terapiyası layihəsini 1994-cü ildən tətbiq edir. Məsləhət xidməti üçün ani məlumat mübadiləsi proqramından istifadə edilir. İsraildə buna oxşar anonom onlayn xidmət (SAHAR) var. Elektron yazışmlar eşitmək və danışmaq qabiliyyətini itirmiş insanları da cəlb edir. Həm də araşdırmalar göstərir ki, belə hallarda istifadəçilər telefon müraciətlərə nisbətən elektron müraciətlərə daha çox üstünlük verirlər.

- Müəyyən qadağalar və tövsiyyələr sisteminin işlənib hazırlanması.

Qadağa, senzura sözlərindən bir çoxumuzun xoşu gəlməsə də, konkret sahədə bunlar lazımdır. Vicdanın senzurası anlayışnı kənara qoyaq. Çünki vicdan nisbidir və hər kəs onu istədiyi kimi başa düşür.

Bu zaman müxtəlif ölkələrin təcrübəsindən istifadə etmək olar.

Artıq mövcud olmayan Sovetlər dövlətinin yanaşması yuxarıda qeyd edilmişdi.
Norveçdə 1975-2005-ci illərdə intihar mövzusunu işıqlandırmaq ümumiyyətlə qadağan edilib. Sonradan müəyyən tövsiyyələr hazırlanıb və yerli jurnalistlərə buna əməl edilməsini məsləhət görüblər. Belə tövsiyyələr təkcə Nörveçdə deyil, dünyanın bir çox ölkəsində, o cümlədən qonşu Rusiyada da var. Avstriya və İsveçrədə aparılan araşdırılmalar belə tövsiyyələrin müəyyən qrup insanlara müsbət təsirini sübut edib. Bu tip tövsiyyələrlə yuxarıda göstərilən saytlarda da tanış olmaq mümkündür.

Bəzi ölkələrdə belə xəbərlərdə vizual materialların verilməsi qadağandır. Avstraliyada bu mövzuda yazan jurnalistlər üçün mütləq kurslar təşkil edilir. Bundan başqa, qonşu Rusiyada “Qadağan olunmuş saytların vahid Resrti” fəaliyyət göstərir.

- Ailənin və məktəbin rolu.

Qadağalar nə qədər sərt olsa da, problemin həlli deyil. Çünki araşdırmalar göstərir ki, “qara təlqin” yayan saytlarda bəzən buna birbaşa çağırışlar olmur. Həmçinin istənilən internet resurs da hər hansı istifadəçi tərəfindən yaradılır və idarə edilir. Odur ki, ailə üzvlərinin də bu saytlara nəzarəti olmalıdır. Həmçinin araşdırmalarda qeyd olunur ki, sosial media, ola bilsin ki, zəncirvari təsir göstərsin, amma bu təsir əsasən istifadəçinin biopisxoloji və sosial durumundan çox asılıdır. Mənəvi cəhətdən daha sağlam olan insanlara, həmçinin yeniyetmələrə “qara” saytların təsiri daha azdır. Məhz bu baxımdan ailənin və məktəbin rolu danılmazdır.

Kimi təqlid etməyə səsləyək?

Məhz bu sadalananların icrasında bu gün KİV-lərin, qələm sahiblərinin öhdəsinə böyük məsuliyyət düşür. İnformasiya qaynaqlarına daha çox girişi olan və informasiyanın yayılmasında daha çox imkanı olan təbəqə kimi qələm əhlinin rolu böyükdür. Odur ki, zorakılığın (intiharı da zorakılığın bir növü saymaq olar – insanın öz-özünə zorakılığı) istənilən təzahürünü işiqlandırarkən bunun insanlara təsirinin məsuliyyətin də fikirləşmək vacibdir. Mən bir daha qeyd edirəm ki, kiməsə necə yazmağı öyrətmək fikrim yoxdur. Amma bir valideyn kimi, bir vətəndaş kimi, sabah da yaşamağa ümid etdiyim cəmiyyətin bir nümayəndəsi kimi oxuduqlarımı bölüşdürməyi özümə borc bilirəm.

Məsələn, Rusiyada tanınmış psixoloq, Böhran Psixologiyası Mərkəzinin rəhbəri Mixail Xasiminskiy jurnalistin “Necə yazmalı?” sualına belə cavab verir: “Jurnalistlər özünəqəsd barədə çox yazırlar, çünki bu satıla bilən informasiyadır. Amma heç vaxt bu zaman yaranan əlillikdən yazmırlar. Bundan da yazmaq lazımdır. Məsələn, beşinci mərtəbədən yıxıldı, onurğasını qırdı. İndi isə pampersdə yatır və bütün ömrü boyu yatacaq. Yaxud başını əzdi, indi isə günəşə gic-gic gülərək gəzir. Bu haqda yazmaq lazımdır. İnsanlar oxuyacaqlar, bunu istəmədiklərini başa düşəcəklər. Ölümün ağrılı olması barədə yazmaq olar. Əksər hallarda bu ömürlük əlilliklə bitir. 10 nəfərdən yalnız 1-i dərhal ölür. Qalanları isə əzab-əziyyət çəkir. Bir nəfər isə dəhşətli ağrı sindromu keçirir ”.

Yaxud, peşəkar psixoloqların, sosioloqların, jurnalistlərin yazıları toplanmış sayt hazırlamaq olar. Ola bilsin ki, hazırda bu səpkidə yazılar var, amma onlar pərakəndə haldadır. Onları bir yerə toplamaq üçün sayt hazırlamaq elə çox vəsait tələb etmir, az məbləğə sayt hazırlamaq mümkündür. Amma bu saytı idarə etmək, materialları toplamaq və məqalələr yazmaq bir-iki adamın işi deyil. Amma bunu respublikamızda fəaliyyət göstərən KİV-ləri köməkliyi ilə etmək olar. Hər bir KİV ayda bu sayt üçün bir-iki yazı hazırlaya bilər.

Görkəmli yazarların fikirlərini də geniş təbliğ etmək olar. Məsələn, Heç günah etməmək mələklərin arzusudur. Az günah etmək – insan üçün qanun budur” (Hüqo) fikrini müxtəlif formada təqdim etməklə günah hissinin ölümə aparan yolundan fərqli yolun da olduğunu təlqin etmək olar. Yaxud “Müqəddəs olmaq – istisnadır, ədalətli olmaq isə - qayda. Səhv edin, yıxılın, günaha batın, amma ədalətli olun.” (Hüqo) deyərək valideynləri, övladları, öz həyatlarına, yaşamaq hüquqlarına, onları əhatə edənlərə ədalətli olmağa səsləmək olar.

Mən onu da başa düşürəm ki, özünəqəsd, həm də yuxarıda qeyd edilən digər böhran vəziyyətlərin yaranmasının səbəbi tək onların KİV-də necə işıqlandırılması deyil. Buna təsir edən amillər çoxdur. Burada həm tibbi amillər var, həm də pedoqoji amillər. Qanunvericilik bazası da təkmilləşdirilməlidir. Bu problemlər tək jurnalistlərin gücü ilə həll edilə bilməz. Yeniyetmələr üçün filimlər də lazımdır, uşaq yazarlarının fəaliyyəti də vacibdir. Düzdür, film çəkilməsi bir az çətindir, amma bu sahədə movcud filmləri axtarmaq və dublyaj etmək olar. XX əsrin 80-ci illərində “Mənim ölümümdə Klava K.-nı günahlandırmağınızı xahiş edirəm” adlı film olub. Bu filmdə çox böyük ehtiyatla yeniyetmələrin arasında olan ilk məhəbbətdən söhbət açılır. Bizim səfehlik hesab etdiyimiz, yeniyetmə üçün isə dərin hisslər sayılan bir durumda, həmin yeniyetmə seçim qarşısında qalır – ölüm yaxud həyat. Film bu vəziyyətdə özünü necə aparmaq barədə ehtiyatla, amma dəqiqliklə bir şablon formalaşdırır. Ən azından bu filmi (həm də buna oxşar digərlərini) tapıb dublyaj etmək olar. Həmin filmlər hansısa kitablar əsasında çəkilib, onları da tərcümə etmək mümkündür. Uşaqların sevimli qəhrəmanlarının dili ilə qeyri-adi durumda “nəyi, necə etmək” kimi sualların cavabını sadə dildə izah edən hekayələr yazmaq da olar.

On dəfə hansısa müğənnidən yazanda, heç olmasa bir dəfə də məsələn, Tolstoyun da nə vaxtsa, 45-50 yaşlarında intiharın bir addımında olduğunu, amma bundan qurtulduğu barədə yazı yazmaq olmazmı? Onun özünün keçirdiyi hisslər barəsində yazdıqları bəlkə də kiməsə yol göstərər.

Valideynləri, müəllimləri marifləndirmək üçün yazılar yazılmalıdır. Biz valideynlər uşaqları eşitməyi öyrənməliyik. Sadəcə onu dinləməyi, onun yanında olmağı bacarmalıyıq. Bunu necə etməyi bilməyənlər üçün ən azından uyğun resurslar olmalıdır.

Amma, bütün bunlar, sistemli, peşəkarların iştirakı ilə həyata keçirilməlidir. Bütün bunlara həm dövlət, həm də ictimai nəzarət lazımdır. Yoxsa qaş qayırdığımız yerdə vurub gözə də çıxartmaq olar. Həm də bu bir atımlıq barıt olmamalıdır.

Sonda hər birimizə müraciət etmək istəyirəm, nəyi isə təqdim etməmişdən öncə bir az fikirləşək: “Kimi təqlid etməyə səsləyirik – Hötenin Vernerini, yaxud Motsartın Papaqenosunu?”

Cəmil Əsədov

DİGƏR XƏBƏRLƏR

Top