
Qazax rayonunda dağda köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib. FHN-in saytının məlumatına görə, aprelin 17-də axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qazax rayonu, Abbasbəyli kəndi ərazisində yerləşən Göyəzən dağında 2 nəfər köməksiz vəziyyətdə qalıb. Yerin çətin keçilən qayalıq ərazi və sutkanın qaranlıq vaxtı (gecə saatları) olduğunu nəzərə alaraq Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi axtarış-xilasetmə işlərinə cəlb olunub. Bir neçə saat davam edən axtarış işləri nəticəsində hər iki vətəndaşın yeri müəyyən olunub. Xilasedicilər köməksiz vəziyyətdə qalmış 1997-ci il təvəllüdlü Mirzəyev Qasım İbrahim oğlu və 1999-cu il təvəllüdlü Qocayev Cəfər Arzu oğlu ilə müvafiq psixoloji söhbətlər aparıb, daha sonra ikisi təxminən 150 metr hündürlükdən endirilərək hadisə yerində olan həkim briqadasına təhvil verilib. Əməliyyat uğurla başa çatıb. APA
Tətbiqimizi yükləyə bilərsiniz