Yaxınları ilə MÜLK DAVASINA çıxan azərbaycanlı tanınmışlar - SİYAHI

Şəmkir kənd seçki dairəsindən deputat olan Sona Əliyeva ilə anası Bəsirə Əliyeva arasında yaşanan əmlak davasından çoxlarının xəbəri var. Anası bildirib ki, həyat yoldaşı (deputatın atası) Sakit Əliyevin ölümündən 2 gün əvvəl ondan aldatma yolu ilə etibarnamə alınıb.

Bəsirə Əliyevanın dediyinə görə, bu azmış kimi deputat anasına və qardaşlarına qarşı hərəkətə keçib, ailənin yeganə gəlir mənbəyi olan atasından qalma biznesi iflic duruma salıb: "Qızım deputat mandatından, əlaqələrindən istifadə edərək bizim işimizi iflic duruma salıb. Hara gediriksə, kimə müraciət ediriksə, deyirlər ki, Sona deməsə, icazə verməsə biz heç bir sənəd işini görən deyilik. Dərdimizi kimə deyək, bilmirik".

Qeyd edək ki, bu Azərbaycanda tanınmışlar arasında mülk davası ilə bağlı ilk belə hadisə deyil. Yeniavaz.com saytı həmin mübahisələrlə bağlı məlumatları təqdim edir.

Bir müddət öncə musiqiçi Cavad Rəcəbov və eks-gəlini Günel Axundova arasında ev qalmaqalı yaşanıb. Keçmiş gəlini bildirib ki, qayınatası onu evindən çıxarmaq istəyir, Rəcəbovun təkidi ilə ailəsi dağılıb: "12 ildir yaşadığım ev eks-qayınatamın adına olduğu üçün məhkəmə yolu ilə biz buradan çıxarılırıq. Evimiz Zığ yolunda, köhnə doqquz mərtəbədə təmirsiz mənzildir. Oğlum məktəbini bitirənə qədər atasından və babasından vaxt istəyib. O isə "Mənə dəxli yoxdur" deyə cavab verib. Hər şeyi o qədər gözəl qurublar ki, keçmiş həyat yoldaşımın adına heç nə yoxdur. Hətta avtomobili belə öz adına deyil. İcra məmuru məktəbi bitirməsinə qədər vaxt vermədiklərini bildirdi. Evdən çıxmalıyıq. Getməyə isə yerimiz yoxdur. Bu qədər haqsızlığa dözmək çox çətindir".

Xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü Orxan Nadirovla müğənninin bacıları arasında mülk davası yaşanır. Onlar bununla bağlı məhkəməyə müraciət ediblər.

İlhamə Quliyevanın bacısı deyib: "Orxanı evimə dəvət etmişəm, vəkilim də ona təklif verib. Demişəm, ayağını məhkəmələrdən kəs. Dövlət səni övlad kimi tanımayacaq. İlhamə sağlığında səni oğul kimi qəbul etməyəcək. Dövlət bizə nə versə, sənə pay ayıracağıq. İlhamə xanımdan iki ev qalıb. Ona dedik ki, Tükəzban xanımdan (ilhamə Quliyevanın anası, xalq artisti Tükəzban - red.) qalan üçotaqlı evi Orxana verək. O da razılaşmadı. İlhamə xanımın şəhid qardaşı olub. Mirasdan onlara pay verildi. Rəhmətə gedən bacısının uşaqlarına bir pay çatdı. Qalanlar isə biz bacıları və qardaşı arasında bölündü".

Əməkdar artist Nəsibə Eldarovadan isə 83 yaşlı anası Safura Eldarova şikayətçidir. Bildirilir ki, əvvələr "8-ci kilometr" kimi tanınan ərazidə Safurə xanımın adına mülk var imiş. Lakin qızı Nəsibə həmin evi satıb. Bayıl qəsəbəsindəki evi isə alaraq öz adına keçirib. Baxımsız və çarəsiz qalan Safurə xanımın tək istəyi mülkün onun adına keçirilməsidir. Ağciyər xəstəsi olan ağbirçək deyib ki, qızın ondan uzaqlaşmasına səbəb də məhz budur.

Deputat Hacı Salayevdən isə qonşusu, keçmiş müstəntiq Nazim Bağırov şikayətçidir. N. Bağırov deputatı məhkəməyə verib. Keçmiş prokurorluq əməkdaşı iddia edib ki, deputat Hacı Salayev Şağan qəsəbəsinin R. Məmmədbəyov küçəsində yerləşən imarətinin ərazisini genişləndirmək üçün bir çox qonşular kimi, onun da həyətini almaq istəyib. Lakin o, öz evini satmaq istəməyəndə deputat müxtəlif dövlət orqanlarının, ən sonda isə məhkəmənin vasitəsilə ona təzyiq etməyə başlayıb.

Əməkdar artist Naibə Allahverdiyeva ilə həyat yoldaşının keçmiş xanımı arasında mülk davası yaşanır.

N. Allahverdiyeva deyib: "Bu insan mənim qayınatama məxsus bir əmlaka sahib çıxmaq istəyir. Qanunla onun buna ixtiyarı yoxdur. Çünki o, 2013-cü ildə mənim yoldaşımdan boşanıb. Bunun isə mənə heç bir addiyyəti yoxdur. Bu, onların keçmiş həyatı olub. Mənim nikah şəhadətnaməm var. O, saytlara açıqlama verib ki, guya mən onun ailəsini dağıtmışam".

Hazırladı: Nicat

DİGƏR XƏBƏRLƏR

Top