Son bir ildə Azərbaycanda 47 min fərdi sahibkar qeydiyyatdan keçib

Bu ilin aprelin 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçən fərdi sahibkarların sayı 804 minə yaxınlaşıb. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu ötən ilin analoji dövrü ilə müqayisədə 47 min çoxdur. Belə ki, ötən ilin aprel ayını əvvəlinə olan məlumata görə ölkədə qeydiyyatdan keçən 757 min fərdi sahibkar olub. Hesabat dövründə hər altı fərdi sahibkardan beşi “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi” və “Nəqliyyat və anbar təsərrüfatı” sahələri üzrə qeydiyyatdan keçib.

Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (29,8%), Aran (20,7%), Gəncə-Qazax (14,0%) və Lənkəran (10,1%) iqtisadi rayonlarında qeydiyyata alınıb.

Fərdi sahibkarların 78,5 faizini kişilər, 21,5 faizini isə qadınlar təşkil edib.

Qadınlar “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 27 faizini, “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət sahəsində 25,6 faizini, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 20,7 faizini təşkil edir.

Sahibkar qadınların 31,7 faizi Bakıda, 17,6 faizi Aran, 17 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.

Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (22,8%), Gəncə-Qazax (26%) və Lənkəran (22,5%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

DİGƏR XƏBƏRLƏR

Top