Ət, süd, yumurta istehsalı artıb

Bu ilin yanvar-mart ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 823,6 milyon manat təşkil edib ki, onun da 793,4 milyon manatı heyvandarlıq, 30,2 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 4,2 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 63,2 faiz, heyvandarlıq məhsulları üzrə isə 2,8 faiz artıb.

28,1 min hektar sahədə kartof əkilib

Yaz-tarla işləri aparılır və aprel ayının 1-nə kimi 114,5 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 15,9 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 1,3 min hektarı dən üçün qarğıdalı), 28,1 min hektar sahədə kartof, 25,8 min hektar sahədə tərəvəz, 2,4 min hektar sahədə bostan bitkiləri, 5 min hektar sahədə şəkər çuğunduru, 2,1 min hektar sahədə dən üçün günəbaxan, 34,5 min hektar sahədə çoxillik otlar, 0,4 min hektar sahədə birillik otlar və 0,3 min hektar sahədə sair yazlıq bitkilər əkilib.

Təsərrüfatlarda yanvar-mart aylarında 51,7 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 2,3 dəfə çox tərəvəz məhsulları istehsal edilib.

Azərbaycanda 5 min 323 baş donuz mövcuddur

Bu ilin yanvar-mart aylarında quş əti də daxil olmaqla diri çəkidə 119,2 min ton ət, 458,2 min ton süd, 434,6 milyon ədəd yumurta istehsal edilib, 2017-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,4 faiz, süd istehsalı 1,7 faiz, yumurta istehsalı 2,1 faiz artıb.

2017-ci il aprelin 1-i vəziyyətinə ölkə üzrə 8 milyon 659,2 min baş qoyun və keçi, 2 milyon 684,1 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 290 min baş inək və camış, 5 min 323 baş donuz mövcud olub. İribuynuzlu mal-qaranın 48,1 faizini inək və camışlar təşkil edir.

Cari ilin yanvar-mart aylarında quşçuluq fabriklərində diri çəkidə 20,5 min ton (keçən il 19,1 min ton) quş əti və 181,7 milyon ədəd (keçən il 190,9 milyon ədəd) yumurta istehsal olunub. Ümumilikdə fabriklər üzrə cəmi quşların sayı 11 milyon 884,3 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 39 ədəd yumurta alınıb.

DİGƏR XƏBƏRLƏR

Top