Son 27 ay ərzində ən yüksək iqtisadi artım qeydə alınıb

Bu ilin yanvar-mart aylarında ölkənin ümumi daxili məhsulu (ÜDM) əvvəlki ilin eyni dövrünə nisbətən 2,3 faiz artaraq 17 milyard 185,1 milyon manata çatıb.

Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu göstərici 27 aydan sonra qeydə alınan ən yüksək göstərici hesab olunur. ÜDM-də qeydə alınan artım sonuncu dəfə bu səviyyədən yüksək həddə 2015-ci ilin noyabr ayında çatıb. Həmin tarixdən sonra ÜDM artımı heç vaxt 2 faizdən yüksək olmayıb. 2016-cı il və 2017-ci ilin mart-noyabr ayları ərzində isə ÜDM-də azalma qeydə alınıb.

Məlumatda həmçinin qeyd olunur ki, bu ilin ilk 3 ayında tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib. İnformasiya və rabitə sahələrində əlavə dəyər istehsalı 13,2 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 12,5 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,1 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 4,2 faiz, sənaye və ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin hər birində 2,6 faiz, digər xidmət sahələrində 1,3 faiz artmış, tikintidə isə 11,2 faiz azalmışdır.

2017-ci ilin eyni dövrü ilə müqayisədə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunan əlavə dəyər 2,9 faiz, neft sektorunda isə 1,5 faiz artıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 1755,7 manata bərabər olub.

DİGƏR XƏBƏRLƏR

Top