Cəmiyyətdə aqressiya artıb - SƏBƏBLƏR

Ötən gün Yardımlıda qonşular arasında kütləvi dava ölümlə nəticələnib. Hadisə rayonun Bürzümbül kəndində qeydə alınıb. Qonşular arasındakı gərginlik su üstündə başlayıb və əlbəyaxa davaya çevrilib. Təəssüf ki, gündəlik həyatımızda mütəmadi olaraq bu tip hadisələrlə qarşılaşırıq. Bu baxımdan son zamanlar cəmiyyətdə aqressiyanın artdığını demək olar. İnsanlar demək olar ki, hər şey üstündə dava edirlər.

Cəmiyyətin aqressiyasına səbəb olan amillər nələrdir?

Sosioloq Asif Bayramov Modern.az saytına açıqlamasında deyib ki,aqressiya ilk növbədə insanın özündən kənara yönəlmiş etirazı, qəzəbidir: “Bu, müxtəlif formalarda, müxtəlif psixoloji səviyyələrdə təzahür edə bilər. Narazılıq yaradan faktorlar cəmiyyətdə kifayət qədər çoxdur. Birincisi, Azərbaycan hazırda dünyada elə bir reallığın içərisindədir ki, xaricdən gələn şüur formaları milli şüur formaları ilə ciddi şəkildə toqquşur. Ancaq ideoloji mübarizə cəbhəsində bizim ictimai düşüncə və şüurumuzu xarici ideoloji həmlələrdən yetərincə qoruya biləcək bir nəzəri ideoloji modelimiz yoxdur. İstər mətbuat, istər televiziya, istərsə də digər kütləvi informasiya vasitələri bu gün milli şüuru yabancı streotiplərdən qoruyan vahid proqramla çıxış etmirlər. Əgər belə bir müraciət formaları varsa, bu, pərakəndə xarakter daşıyır.

İnsanlarda aqresiyyanı artıran faktorlardan birincisi sosial-iqtisadi faktordur. Yeni dəyərlərin cəmiyyətə daxil olması ilə əsrlərlə formalaşmış ailə modelimiz, onun strukturu öz quruluşunu dəyişir. Azərbaycan ailəsi əsrlərdir ata hegemonluğu üzərində qurulubsa və artıq bu şüur forması bizdə oturuşubsa, getdikcə Qərbdən gələn müxtəlif cərəyanlar bizim ailə modelini dağıdır”.

Sosioloq qeyd edib ki, cəmiyyətin təməlində millətin ailə institu dayanır: “Bu institutun məhvi cəmiyyətin uçurumuna səbəb olur. Bizim görmədiyimiz bu faktlar şüuraltı olaraq insanların düşüncəsində narazılıq elementi kimi oturur. Bəzən siz tamamilə fərqli obyektdən narazı qalırsınız və öz qəzəbinizi ona aid olmayan başqa obyektə yönəldirsiniz. Ona görə də cəmiyyətdəki həmin narazılıq elementləri bizim şüuraltımıza aqressiya enerjisi kimi oturuşaraq müxtəlif səmtə yönəlir. Bəlkə də qonşu ilə mübahisə edən şəxsin aqressiyasının qaynağı elə bir şeydir ki, bilsək, dəhşətə gələrik. Heç bir aqressiya enerjisi insanın beynində öz-özünə silinib getmir. O hansısa səmtə yönəlib ordan çıxmalıdır. Bu baxımdan öncə insanların, ictimaiyyətin beyninə aqressiya enerjisini ötürən faktorları aradan qaldırmalıyıq”.

A.Bayramovun sözlərinə görə, bu gün həm də insanların iş tapa bilməmə çətinliyi ciddi sosial problemdir: “Çox zaman bu haqda danışmaqda çəkinirik. Amma ailəsini dolandırmaq istəyən bir kişi hegemon səlahiyyətini təmin etmək üçün iş yeri tapa bilmirsə, o zaman həmin aqressiya içində toplanır. Bəzən həmin şəxs nəhəng aqressiya enerjisini elə bir yerə yönəldir ki, hörmətli insan belə xırda hərəkəti ilə gözümüzdən düşür. Lakin onun niyə bu günə düşdüyünün əsl səbəbini görə bilmirik. Bu proses şüuraltı davam edir”.

Müsahibimiz deyib ki, cəmiyyətdə aqressiyanın zəifləməsi üçün müvafiq dövlət qurumları, xüsusilə Nazirlə Kabineti vacib sosial-iqtisadi proqramlar üzərində işləməli və onların əməli icrasına start verməlidir: “Əslində bütün informasiya vasitələrini vahid ideologiyaya yönəldən bir dövlət proqramı olmalıdır. Və bu proqram sadəcə sənəd səviyyəsində qalmamalıdır. Onun reallaşmasının mexanizmləri hazırlanmalı və dövlət tərəfindən maliyyələşdirilməlidir. Bir-iki nəfərin təşəbbüsü ilə bu problemi həll etmək mümkün deyil.

Bu, cəmiyyətin mənəvi-psixoloji sağlamlığı üçün çox önəmli məsələdir. Əgər bu problem həll olunmasa ümumi ictimai aqressiv fon artacaq və bu da psixoloji-mənəvi xəstəliklərin baş qaldırmasına gətirib çıxaracaq”. Modern.az

DİGƏR XƏBƏRLƏR

Top