Elza Seyidcahan: "Elçin Əlibəyli onu-bunu it kimi qapışdırmaqla gündəmdə qalır"

Teleaparıcı, sənətşünas Elçin Əlibəyli redaksiyamızın qonağı olarkən əməkdar artist, bəstəkar-ifaçı Elza Seyidcahanın kitab təqdimatına getmədiyini bildirib. Elçin Əlibəyli sərt ifadələr səsləndirərək özünə hörmət etdiyi üçün həmin təqdimata getmədiyini deyib: "Özüm-özümə hörmət elədiyim üçün getmədim. Onun şeirlərini niyə oxumalıyam ki? Yazar deyil axı bu adam. Mən də özümə deyə bilərəm ki, Allaham, inanacaqsınız mənə? Bilirsiniz, o yaxşı bəstəkar və ya yaxşı ifaçı ola bilər, amma poeziya, şairlik başqa bir şeydir. Mən Posternakı oxumuşam, ondan sonra Elza Seyidcahanı oxuyacam?"

Onun səsləndirdiyi bu sözlərlə bağlı Elza Seyidcahan fikirlərini Yeniavaz.com saytı ilə bölüşüb və qarşı tərəf haqqında sərt ifadələr səsləndirib. Əməkdar artistin Elçin Əlibəyliyə cavab olaraq verdiyi geniş açıqlamanı təqdim edirik: "Əvvəla, mən Elçin Əlibəylini kitabımın təqdimatına dəvət etməmişdim. Bəlkə də etmişdim, dəqiq bilmirəm, edə də bilərdim. Elçin Əlibəyli məni görəndə şeirlərimin fanatı olduğunu deyir. Mən çox xoşbəxtəm ki, hələ də çox yerlərdə kitabımın müzakirəsi gedir. Bu da mənim necə deyərlər, şansımdır.

Elçin Əlibəyli deyir ki, "Elzanın kitabının təqdimatına getmərəm, çünki özümə hörmət edən adamam". Əslində isə mən özümə hörmət edən adamam, gündə 10 dəfə zəng vururlar, amma Elçin Əlibəylinin verilişinə çıxmıram. Özünüz bilirsiniz orada nələr baş verir. Mənim kitabımın təqdimatında ondan qat-qat səviyyəli insanlar var idi - alimlər, tanınmış şairlər, tənqidçilər, musiqiçilər, aktyorlar, generallar...

Təqdimatın Muzey Mərkəzində keçirilməsi bəs edir. Elçin Əlibəyli məni verilişinə çağırıb özünü reklam edə bilmir, ona görə belə deyir. Mən qınamıram, ola bilsin yaradıcılığım onlara gəlib toxunmayıb. Heç mənə lazım da deyil onun hiss etməsi. Narahat da deyiləm, çox rahat insanam. Bir söz var - "uşağı dünyaya gətirmişəm, göbəyini kəsmişəm, pulumu da qazanıram".

Elçin Əlibəyli onu-bunu it kimi qapışdırmaqla gündəmdə qalır. Getsin sənəti ilə məşğul olsun.

Psixasofdu, çoxa-çoxdu,

Soxa-soxdu!

Elzanın belə bir şeiri var, kitabda oxusun. Elçin televiziyadan, ekranlardan camaatın evinə tərbiyəsiz danışıqları, münasibətləri soxuşdurur. Mən elə verilişlərə baxmıram, maraqlanmıram. Dəfərlərlə zəng ediblər o verilişlərə gedim, getmirəm. Çünki özümə çox hörmət edirəm".

"Utanıram Elçinin yerinə, bəsit-bəsit danışır"

Müğənni bildirib ki, Elçin Əlibəyli öz verilişində qonaqların Elza Seyidcahandan danışmasını istəyir: "Ora gələn insanlara da çox vaxt deyirlər ki, mövzumuzu Elza Seyidcahan edəcəyik, ay filankəs, sən Elzanı bir az pislə, sən bir az təriflə, sən neytral qal, bizim verilişimiz gündəmi partlatsın. Ona görə də qoy mənim kölgəmdən, nəfəsimdən, adımdan da istifadə edib özlərini gündəmdə saxlasınlar, amma özlərinə bir balaca hörmət etsinlər.

Elza şair deyil, Elza şairdən də yüksək addadır. Əgər mənim yazdığım, dediyim hansısa söz kimlərisə titrədirsə, silkələyirsə, mənim uğurumdur. Amma mən Elçin kimilərdən heç danışmıram, heç yatanda yuxuma da girmirlər. Narahat deyiləm, amma siz bilirsiniz ki, Elza var, Elza olacaq, məni analiz edirsiniz, məni oxuyursunuz və artıq bilirsiniz mən kiməm. Mənə sual versələr ki, onun haqqında nə deyə bilərsən, deyərəm tanımıram. Elçin Əlibəyli inkişaf eləsin, zəmanəyə uyğunlaşsın. Elçin Əlibəyli telefonla mənim ardımca düşən adamdır ki, "siz öz şeirinizi telefonda səsləndirin, onu ilk dəfə mən yayım". Bu olub, özü də bir neçə dəfə.

Bəzi "dayan doldurum" şairlər müsahibə verirlər ki, Elza Seyidcahan şair deyil. Sən get çıxardığın kitabları qoy qarşına, gör Elzanın kitabına çatırmı? Nə sözündə Elzaya çata bilməzsən, nə rəssam tərtibatında, nə dizaynında. Elçin Əlibəylinin bütün kitablarını yığsan, Elza Seyidcahanın kitabına çata bilməz. Əgər kitabı varsa, bilmirəm olub-olmadığını.

İnsanları bir-birinə it kimi, xoruz kimi qapışdırmaqdan başı açılıb kitab çıxara bilibsə, getsin eləsin.

Bəziləri poeziyanı elə görürlər ki, Elza ancaq ağ yazmalıdır, qara yazmalıdır, başqa rənglər olmamalıdır. Elza ümumi rəngləri çox sevir, şeirlərimin içində bunlar var, diqqətli olsalar, görəcəklər.

Kitabda mənim dövlət rəhbərinə, onun xanımına, vətənimizə, aprel şəhidlərimizə, anama, oğluma, nəvəmə həsr olunmuş şeirim var. Mən orada həm analığımı, həm övladlığımı, həm nənəliyimi, həm vətən qızı olmağımı əks etdirən şeirlər yazmışam. Utanıram Elçinin yerinə, bəsit-bəsit danışır. Demək məni yox, mənim kitabımın içindəkiləri də təhqir edir".

"Elçinə salam vermişəm, bundan sonra vermərəm, üzümü çevirib gedərəm"

Elza Seyidcahan onun kitab təqdimatına gəlməyən bəzi insanlardan da danışıb: "Təqdimata gəlməyən bəzi adamlar isə qorxularından gəlməyiblər. Bəzi uğursuz vəzifəli insanlar var ki, dedilər Elzanın tədbirinə getmirik. Nə qədər belə desələr də, Elzanın kitab təqdimatı anşlaqla keçdi, yer olmadı.

Heç kəsin ixtiyarı yoxdur ki, Elzanın kitabını təhqir eləsin. Elzanın kitabının rəssamı cənab Prezidentimiz tərəfindən "Tərəqqi" medalına layiq görülmüş Əşrəf Heybətovdur, Vatikanda onun əsərlərinin sərgisi keçirilib.

Danışmasalar yaxşıdır, özlərini biabır eləməsinlər. Heç olmasa yalandan desinlər ki, Elzanın şeirlərini başa düşürük. Onlar Elza fəlsəfəsini başa düşməzlər. Onlar ancaq qapışdırmaqla, xoruz döyüşdürməklə məşğuldurlar. Bunlar ancaq ziyan verməklə, insanların əsəbləri ilə oynamaqla, bir də sponsorları ora yığmaqla məşğuldurlar. Elçinə salam vermişəm, bundan sonra vermərəm, üzümü çevirib gedərəm. Otursunlar yerlərində ailələri ilə, evləri ilə məşğul olsunlar. Elzanın adını ümumiyyətlə hallandırmasınlar. Bəzi şairlər var indiyədək mən heç onları tanımırdım, yaxşı ki, Elza ilə bir layihəyə düşdülər, onları da tanıdılar, saytlara adları düşdü. Kimsə bundan sonra mənim adımı çəksə, onu məhkəməyə verə bilərəm. Mənimlə maraqlansalar, inkişafları artacaq. Girib baxsınlar "Youtube"yə, görsünlər Avropa poeziyası nə deyir. Bircə onu deyirəm:

Elçin,

Tikim sənin ağzını,

Qırxayaq kimi.

Elçinə və Elçin kimilərə sözümü demişəm, möhürümü də vurmuşam.

Getsin mənim şeirimi oxusun o kitabda.

Əliağa Vahidin bir şeiri var:

Tutalım əsrimizin Həzrəti İsası mənəm

Bu soxa-soxda nə möcüzə icad eliyim?

Mən də Elçinə deyirəm:

Tutaq ki, əsrimizin Həzrəti İsası mənəm

Bu soxa-soxda Elçinə nə icad eləyim?

Muzey Mərkəzində keçirilən musiqili-ədəbi mötəbər tədbiri o dərəcədə təhqir etməsin, özünə hörmət eləsin. Mən birinci bəstəkaram, sonra müğənniyəm, şairəliyim isə uşaqlıqdan var.

Bəzən məni elə yerə dəvət edirlər ki, gedib görürəm ora mənim yerim deyil, etika xətrinə sözümü deyib çıxıram. Yəni mənim heç kəsi təhqir etmək haqqım yoxdur.

Sən özünə hörmət eləsən, Elçin Əlibəyli, insanları neçə illərdi bir-biri ilə savaşdırmazsan.

Elçin Əlibəyli bu sözü deməklə kitabımın təqdimatıma gələn generalları, alimləri, ziyalıları, görkəmli şəxsiyyətləri təhqir etmiş olub. Onun haqqında bundan artıq sözlər deyə bilərdim, amma ailəsinə hörmət edirəm, məhkəməyə də verə bilərəm. Təqdimata Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun əsərləri ilə, kamera musiqisi ilə açılış etmişik. Orada "Xəzər" universitetinin kamera orkestri çıxış edib, Rasimə Seyidcahan gözəl, vokal əsərlər ifa edib. Belə bir insanın mənim tədbirimi təhqir etməsinə qətiyyən imkan vermərəm. Elçin Əlibəyli həmişə insanları bir tədbirə çağıranda hədə-qorxu ilə çağırıb, çünki vəzifəsi olub, ondan istifadə edib, deyib ki, gəlib oturmalısınız. İndi də özünə bir qruplaşma yaradıb, otuzdurur orada, bir-biri ilə dalaşdırır. Onu yıxıb sürüyərdim, hörmət edirəm ailəsinə - anasına, atasına, bir də Dilarə xanımın ailəsinə, Oqtay müəllimə.

Qapışdırsın, tayını tapsın.

Bir məclisdə durub mənə dedi ki, Elza xanım, sizin xəbəriniz yoxdur, mən şeirlərinizin fanatıyam, oxuyuram, izləyirəm, sizi başa düşmək üçün səviyyə lazımdır.

Mən əsrimizin Elza Seyidcahanıyam, mənim yaradıcılığım bəşəriyyət üçündür.

Nəsimi deyirdi:

Zahidin bir barmağın kəssən dönüb Haqdan qaçar,

Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz.

Bax, Elçin Əlibəyli kimilər günümüzün zahidləridilər...

Deyirlər bir insanın cənnətə getməsi dəvənin iynənin deşiyindən keçməsi qədər çətindir. Elçin Əlibəylinin də mənim də şeirimi, musiqimi anlaması dəvənin iynənin deşiyindən keçməsi qədər çətindir. Özünü inkişaf etdirməlidir".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top