3 dəfə və daha çox ailə quran azərbaycanlı tanınmışlar - SİYAHI

Boşanmaların artdığı bir dövrdə şou-biznes adamlarının ailəsindən ayrılması və yenidən ailə qurması xəbəri indi cəmiyyətimizdə çoxları üçün adi qarşılanır. Etiraf edək ki, sadə insanlar arasında da belələri az deyil. El arasında 2 dəfə evliliyə normal baxılır, ancaq 3-cü, 4-cü dəfə evlənənlərin çoxu ikrahla qarşılanır desək, yanılmarıq. Lakin bütün hallarda heç kəsi qınamaq doğru deyil, kimin başına nə gələcəyini heç kim bilmir. Bəlkə elə həqiqətən də 3-cü evlilikdə xoşbəxt olanlar var. Yeniavaz.com saytı 3 və daha çox ailə quran azərbaycanlı tanınmışlarla bağlı məlumatları təqdim edir.

Xalq artisti, məşhur gitaraçı Rəmiş 3 dəfə ailə qurub. Rəmiş sonuncu həyat yoldaşı Gülü ilə xoşbəxt olduğunu bildirib. Onun sonuncu evlilikdən övladı olmayıb.

Əməkdar artist Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov da 3 dəfə evlənib. İlk evliliyindən bir oğlu olan A. Cəlilov 2008-ci ildə Röya ilə ailə qurub və Hüseyn adlı oğlu dünyaya gəlib. Cütlük 2014-cü ildə boşanıb.

Xalq artisti Flora Kərimova 3 dəfə nikahda olub. Onun ilk həyat yoldaşı məşhur cərrah İbrahim Topçubaşovdur. Onların arasında 20 yaş fərq var imiş. İ. Topçubaşovun ölümündən bir neçə il sonra Flora Kərimova Faiq Şəfiyevlə ailə qurub. F. Şəfiyev biznesmen olub. Faiq Şəfiyev avtomobil qəzasında dünyasını dəyişib. Müğənninin 3-cü dəfə nikaha girdiyi şəxsin adı mətbuata bəlli deyil.

Tanınmış müğənni Nura Suri də 3 dəfə ailəli olub. Müğənni sonuncu həyat yoldaşından da ayrılıb.

Xalq artisti, məşhur diktor, bir müddət öncə xərçəng xəstəliyindən dünyasını dəyişən Rafiq Hüseynov 4 dəfə ailə qurmuşdu. Onun həyat yoldaşlarından biri də həmkarı, xalq artisti Roza Tağıyeva olub. Onun sonuncu evliliyindən azyaşlı övladı var.

"Şeron" musiqi qrupunun rəhbəri Rüstəm Zeynallı üç dəfə rəsmi nikahda olub. Onun ikinci həyat yoldaşı məşhur qarmon ifaçısı, xalq artisti Aftandil İsrafilovun qızı Həcər İsrafılova olub.

Tanınmış müğənni Roza Zərgərlinin də 3 dəfə ailəli olduğu bildirilir. Müğənni müxtəlif səbəblərdən həyat yoldaşından ayrılıb.

Əməkdar artist Leyla Şıxlinskaya 4 dəfə ailəli olub. L. Şıxlinskaya bu suala belə cavab verib: "Mən Elizabet Teylora çata bilmərəm. Onun 9 xoşbəxt nikahı olub. Bəlkə verilişinizin ayağı yüngül oldu. Mən beşincini də tapdım. Əsas sevgidir. Onsuz həyat ağ-qara filmə bənzəyir".

Tanınmış müğənni Bahar Lətifqızı qonaq olduğu verilişlərin birində 3 dəfə ailəli olduğunu bildirib: "İlk ailə həyatımı 18 yaşında qurmuşam. Birinci ailəmin dağılmasına səbəb çox oldu. Amma ikinci ailəmin dağılmasına səbəb övladım olmaması idi. 9 il bir insanla yaşadıq, amma uşağım olmadı. Daha sonrakı ailəmdən bir qızım oldu. Çalışıram pis şeylərdən uzaq durum, bu barədə danışmayım. Həyat yoldaşım ailə qurdu, xoşbəxt olsun. Hal-hazırda da həyatımda biri var. Niyə də olmasın? Həyatıma kimsə daxil ola bilər, sevə bilərəm. Nə qədər ki, dərinliyə getməmişəm, düşünürəm. Amma çox istəyərdim bir övladım da olsun. Mən də istəməzdim belə həyat qurum".

Ehtiyatda olan polkovnik Əzizağa Qənizadə isə 60 yaşında 3-cü dəfə ailə qurub. O, özündən xeyli cavan xanımla ailə qurub: "Əvvəllər evli olmuşam. Lakin neçə illər idi ki, subay idim. İllərdən sonra xoşbəxtliyimi bərpa etdim".

Mərhum xalq artisti Hacıbaba Bağırov isə 5 dəfə rəsmi nikahda olub. Bu nikahlardan 2-də Hacıbaba Bağırovun övladları olmayıb, digərlərindən isə uşaqları olub.

Tanınmış rəqqasə Oksana Rəsulova 3 dəfə nikahda olub. Onun nikaha girdiyi şəxslərdən biri də tanınmış reper Elşad Xose olub. Lakin O. Rəsulovanın bu nikahı da çox sürməyib, onlar ayrılıblar.

Hazırladı: Nicat

DİGƏR XƏBƏRLƏR

Top