"Aprel qəhrəmanları bizə çoxdan gözlədiyimiz qələbə dadını bəxş ediblər"

Mingəçevir şəhər İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhər İstək Liseyində “Aprel döyüşləri – qəhrəmanlıq salnaməsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Mingəçevir ŞİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, liseyin direktotu Fəqan Əhmədov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Liseyin direktoru Fəqan Əhmədov 2016-cı ilin aprel ayında baş verən döyüşlər barədə danışaraq bu döyüşlərdə Azərbaycan ordusunun düşmən üzərində qalib gəldiyini və nəticədə işğal altında olan torpaqlarımızın bir qisminin azad olunduğunu bildirib. O qeyd edib ki, aprel döyüşləri şəhidləri, dövlətimizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş bütün şəhidlərimiz hər bir gənc üçün vətənpərvərlik nümunəsidir.

DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov bildirib ki, aprel döyüşləri zamanı milli ordumuzun hərbiçiləri şəhidlik zirvəsinə yüksələrək öz canları və qanları hesabına hər birimizə çoxdan gözlədiyimiz qələbə dadını bəxş ediblər.

Natiq aprel döyüşləri zamanı düşmənin təxribatına qarşı cəmiyyətimizin həmrəyliyindən, xalqın ordumuzun zəfər qazanacağına inamından söhbət açıb.

Bildirib ki, dünya ictimaiyyəti bu döyüşlərdə Azərbaycan ordusunun şücaətini görüb, sülh danışıqları fayda verməyəcəyi təqdirdə ordumuzun hər an hərb yolu ilə torpaqlarımızı azad etmək iqtidarında olduğunu anlayıb.

Mingəçevir ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev şəhidlərin xatirəsinin daim əziz tutulduğunu və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında hər bir şəhidin şücaətinin nümunə olduğunu diqqətə çatdırıb, həmçinin bu cür maarifləndirmə tədbirlərinin keçirilməsini gənclərin tərbiyəsində mühüm rol oynadığını qeyd edib.

Çıxışlardan sonra DQİDK-nın təşəbbüsü ilə çəkilən şəhidlərin xatirəsinə həsr edilmiş “Şəhadət” sənədli filmi şagirdlərə nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top