Gənclər hərbi xidmətə yola salındılar - FOTO

Mingəçevir H. Əliyev Mərkəzində gənclərin yola salma mərasimi keçirilib. Tədbirdə müharibə veteranları, şəhər ictimaiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin zabit və əməkdaşlarının, çağırışçılar, onların valideynləri iştirak ediblər.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov hərbi xidmətə yollanan çağırışçıları, onların valideynlərini təbrik edib və bildirib ki, vətənə xidmət etmək həm müqəddəs, şərəfli, həm də çox məsuliyyətli vəzifədir.

Qeyd edib ki, Milli Ordumuzun ötən ilin aprel ayında qazandığı qələbədən sonra ölkəmizin hər bir vətəndaşında, xüsusilə də gənclərdə böyük rüh yüksəkliyi yaranıb: "Aprel qələbəsi ordumuzun gücünü, bacarığını bütün dünyaya nümayiş etdirdi. Bu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkədə ordu quruculuğu sahəsində apardığı siyasət və həyata keçirdiyi işlərin düzgünlüyünü və vacibliyini bir daha sübüt etdi".

Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin rəisi Şahin Xəlilov çıxış edərək deyib ki, xalqımız, rəhbərliyimiz ordunun arxasında möhkəm dayanıb: "Arzu edirik ki, onlar həmişə ayıq-sayıqlıqlarını itirməsinlər. Silahı əldə möhkəm tutun, komandirlərin verdiyi tapşırıqlara canla-başla, ata-ana məsləhəti kimi əməl edin".

Daha sonra Qarabağ Əlillər Cəmiyyətinin sədr müavini Əliağa Bəndəliyev, şəhər ağsaqqalı Tahir Məmmədov, əsgər valideynləri yola salınan əsgərlərə cansağlığı və uğurlu yollar diləyiblər. Çağrışçılar da öz çıxışlarında hamıya minnətdarlıq bildirərək, Azərbaycanın adını yüksək tutacaqlarına söz veriblər.

Çağırışçılar marş sədaları altında Azərbaycan Respublikasının Dövlət bayrağını öpərək hərbi hissələrə yola düşüblər.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top