Rublun ucuzlaşması bizə necə təsir edəcək?

Son bir-neçə gün ərzində Rusiyanın milli valyutası - rublun məzənnəsi, dünyanın aparıcı valyutası - dollara nisbətdə sürətlə dəyərdən düşür. Bu həftənin əvvəlində Rusiya Mərkəzi Bankının açıqladığı rəsmi məzənnəyə görə 1 dollar 57,8 rubl olduğu halda, bu gün 4,6 rubl artaraq 1 dollar 62,4 rubl olub. Yeniavaz.com xəbər verir ki, bu, son 3 gündə rublun dollar qarşısında 7,8% ucuzlaşması deməkdir. Valyuta dəyişmə məntəqələrində isə 1 dollar 63-64 rubla dəyişdirilir.

Qeyd edək ki,rubl təkcə dollar qaşısında deyil, Azərbaycan manatına nisbətdə də ucuzlaşmaqdadır. Son 3 gün ərzində rubl manat qarşısında 4,8% ucuzlaşıb. Belə ki, bu həftənin əvvəlində banklar 100 rublu 2,9 manat aldıqları halda, bu gün 100 rubl 2,5 manata alınır.

Rusiyaya məhsul ixrac edənlərin qazancı azalacaq

Rusiya rublunun milli valyutamıza nisbətən dəyərdən düşməsi heç şübhəsiz ki, ilk növbədə şimal qonşumuzdan idxal olunan malların həcmini artıracaq. Bu həm də Rusiyadan gətirilən məhsulların nisbətən ucuzlaşmasına səbəb olacaq. Rublun ucuzlaşması eyni zamanda Rusiyadan ölkəmizə məhsul idxal edənlərin daha çox qazanc əldə etməsinə səbəb olacaq. Bildiyimiz kimi, Rusiya idxalda Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Gömrük Komitəsinin məlumatına görə, bu ilin ilk 2 ayı ərzində Rusyadan ölkəmizə 243 milyon dollar dəyərində məhsul idxal olunub ki, bu da ümumi idxalın 16,8%-ni təşkil edib. Əvəzində isə Rusiyaya məhsul ixrac edənlərin qazancı azalacaq. Onu da bildirək ki, bu ilin ilk 2 ayı ərzində Rusyaya azərbaycandan 84 milyon dollar dəyərində məhsul ixrac olunub ki, bu da ümumi ixracın 3,8%-ni təşkil edib.

Rublun ucuzlaşması Azərbaycana pul göndərən soydaşlarımızın zərərinə olacaq

Eyni zamanda qeyd edək ki, son 3 gündə manatın məzənnəsinin rubl qarşısında bahalanması Rusiyadan gətirilən məhsulların eyni səviyyədə ucuzlaşması deməkdir. Məsələn, 3 gün əvvəl Rusiyada dəyəri 1000 rubl olan ayaqqabı üçün 29 manat ödəyirdiksə, hazırda eyni ayaqqabıya 25 manat ödəyirik.

Rublun manata nisbətən ucuzlaşması Rusiyada işləyən və Azərbaycana pul göndərən soydaşlarımızın zərərinə olacaq. Əmək haqqını rublla alıb Azərbaycana göndərənlər üçün məzənnə dəyişikliyi sərfəli deyil. Hazırkı vəziyyət Rusiyada işləyən soydaşlarımızın real qazancını azaltmış olur.

DİGƏR XƏBƏRLƏR

Top