Bakıda müəllim valideynləri "WhatsApp" işlətməyə MƏCBUR EDİR

Övladı Bakı məktəblərində təhsil alan valideynlərin bir çoxunun "WhatsApp"da "Valideyn qrupu" var. Valideyn və müəllimlər dərsdən sonra vacib hallarda bu qrup vasitəsi ilə əlaqə saxlayır, vacib və tələsik mesajları bu yolla bir-birlərinə çatdırırlar. "WhatsApp" işlətməyən bəzi valideynlərə isə bu barədə zəng vurmaqla məlumat verilir. Təbii ki, burada qeydi-adi heç nə yoxdur və valideynlərin işini rahatlaşdırmağa xidmət edir.

Ancaq Bakıda bəzi müəllimlərin ""WhatsApp" aludəçiliyi" yumşaq desək, bir çox hallarda valideynləri çıxılmaz duruma salır. Bu barədə Yeniavaz.com saytına nəvəsi 83 saylı məktəbdə təhsil alan şəxs məlumat verib. Öz xahişi və istəyi ilə həmin şəxsin adını açıqlamırıq, dediyinə görə, bu barədə öz adı ilə məlumat versə, nəvəsinə "baş ağrısı" ola bilər. Həmin şəxs nəvəsinə dərs deyən, uşaqların valideynlərinə dərs tapşırığını "WhatsApp"la göndərən müəllimənin adını da açıqlayıb. Lakin məsələni tam təfərrüatı ilə bilmədiyimizdən 83 saylı məktəbin müəlliminin adını açıqlamağı etik bilmirik.

Məlumatı verən şəxsin sözlərinə görə, 83 saylı məktəbdə oxuyan nəvəsinə ev tapşırığını müəllim kitabda işarələmək, uşağı başa salmaq əvəzinə yerini boş buraxır və "mən ev tapşırığını valideynlərə "WhatsApp"la göndərirəm, siz də "WhatsApp" işlədin" deyib: "Bizim evdə "WhatsApp" işlədən yoxdur. İmkansız ailəyik, bahalı telefonumuz yoxdur. Bu barədə müəllimə deyəndə bildirdi ki, ona dəxli yoxdur, "WhatsApp"ınız olmalıdır". Məcbur qalıb biz də "WhatsApp" açdırdıq, müəllim uşağın valideynlərinə deyib ki, daha tapşırığı buradan göndərəcək. Baş aça bilmirik, bu nə dərəcədə doğrudur, bəlkə həqiqətən belə olmalıdır, biz qanunu bilmirik, geridə qalmışıq?"

Təhsil Nazirliyi: "Valideyn "WhatsApp" işlətməyə məcbur edilə bilməz"

Məsələ ilə bağlı Yeniavaz.com saytı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehova müraciət edib.

Cəsarət Valehov deyib ki, müəllim tərəfindən nə qanun, nə də başqa bir səbəb göstərilib heç bir valideyn "WhatsApp" işlətməyə məcbur edilə bilməz: "Burada qanunvericiliklə bağlı bir məsələ yoxdur. "WhatsApp"ın olması müəllimlə valideyn arasında ünsiyyət əlaqəsinin genişlənməsinə xidmət edə bilər. Qanunvericilik və ya məktəb idarəetməsində tərəfindən bununla bağlı xüsusi bir yanaşma və ya xüsusi bir tələb qoyulmayıb. Bu sadəcə kommunikasiyanı daha da sistemli etmək və yaxud əlaqəni vizuallaşdırmaq, çevik etmək üçün ola bilər. Ancaq xüsusi olaraq vurğulayıram - heç kim valideyni buna məcbur edə bilməz. Məcburiyyətdən söhbət belə gedə bilməz. Kommunikasiyada məcburiyyət mümkünsüzdür. Valideyndən müəllimin "WhatsApp" işlətmək tələb etməsi, özü də məcburi olaraq tələb etməsi mümkünsüzdür və qanunsuzdur".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top