SOCAR-da korrupsiya ilə bağlı ehtimalların araşdırılması üçün qaynar xətt açılıb

"SOCAR-da korrupsiya və səlahiyyətlərdən sui-istifadə ilə bağlı ehtimalların araşdırılması üçün işçilərə daxili qaynar xətt açılıb". Bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, tərəfdaşlarla və ictimaiyyətlə əlaqələr sahəsində, şirkətin kommersiya maraqlarını qorumaqla, şəffaflığın təmin edilməsi üçün hər il şirkət tərəfindən korporativ fəaliyyət haqqında təfsilatlı hesabatlar dərc edilir: ”SOCAR-ın davamlı inkişaf hesabatı, illik hesabat və maliyyə hesabatı nüfuzlu audit şirkəti “Ernst&Young” tərəfindən, mütəmadi olaraq, yoxlanılır və təsdiqlənir. Bütün fəaliyyətlərdə daha yüksək səmərə əldə etmək üçün şirkət üzrə daxili nəzarət və risklərin idarə edilməsi sistemi təşkil edilib”. R. Avdullayev bildirib ki, mövcud və planlaşdırılan fəaliyyətlərdə risklərin səviyyəsi daim xüsusi struktur bölmələri tərəfindən təhlil edilir, bütün fəaliyyətlərdə risklərin azaldılması üçün zəruri tədbirlər görülür: “Şirkətin struktur bölmələrində mütəmadi surətdə daxili auditlər həyata keçirilir. Vəzifə səlahiyyətlərindən sui-istifadənin qarşısını almaq, şirkət üzrə kollektiv ruhunu gücləndirmək və vahid korporativ dəyərləri tətbiq etmək üçün SOCAR-ın korrupsiya ilə mübarizə üzrə siyasəti, biznes etikası məcəlləsi kimi icbari standard sənədlər qəbul edilib. Bu sənədlərin icrasını təmin edən qaydalar və mexanizmlər tətbiq edilmiş, şirkətdə korrupsiya və səlahiyyətlərdən sui-istifadə ilə bağlı ehtimalların araşdırılması üçün işçilərə daxili qaynar xətt açılıb”.APA

DİGƏR XƏBƏRLƏR

Top