Ərəb turistlərin ölümünə səbəb olan taksi sürücüsünə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elçin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Fəhmin Hümbətov çıxış edib. O, təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyərək, E. Məmmədovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prosesdə vəkil müdafiə nitqi ilə çıxış edib və E. Məmmədov son söz deyib. Sonra hökm oxunub. Hökmə əsasən, E. Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2016-cı ilin noyabrında Qaradağ rayonu ərazisində baş verib. Belə ki, Abıyev Rasim Şöhrət oğlunun idarə etdiyi "Mercedes Benc C180" markalı avtomobillə hərəkətdə olarkən Elçin Məmmədovun idarə etdiyi "Nissan Sunny" markalı avtomobillə toqquşub. Nəticədə "Nissan Sunny" markalı avtomobildə olan sərnişinlər, ərəb turistlər - Suhail Saeed Rashed Saeed Almeqbal və Lamees Ziad Mahmoud Jbarah aldığı xəsarətlərdən hadisə yerində ölüblər. Faktla bağlı cinayət işi açılıb və hadisədə təqsirli bilinən E. Məmmədov həbs edilib. E. Məmmədovun taksi sürücüsü kimi fəaliyyət göstərdiyi məlum olub.APA

DİGƏR XƏBƏRLƏR

Top