Çarəsizliklərini ağacın kölgəsində gizlədənlər – Onlar çörəkpulu üçün evdən çıxıblar


Havanın temperaturunun yüksəlməsi, qızmar günəş açıq havada işləyənlərin işini bir az da çətinləşdirir. Bizlər kondisionerin sərin havası altında oturub istidən şikayətlənəndə, kimsə də yayın boğanaq havasında çöldə çalışır. Əksər hallarda onlar çarəsizliklərini yalnız ağacın kölgəsində gizlətməyə çalışırlar. Sübh tezdən qaynayan şəhərin küçələrinə axışan Bakının "qara" fəhlələrinin üzündə, elə qırışlarında da illərin əzabını, iztirabını görmək mümkündür.

Həmsöhbətimiz Şəhla Fəttayeva təmizlik işləri ilə məşğuldur. O, uzun illərdir ki, Bakıya gəlib. İki oğlu və gəlini ilə birgə bir damın altına sığınan ana övladlarına dəstək olmaq üçün çörəkpulu qazanır: "Hər gün səhər tezdən Mətbuat prospektinə gəlirəm. Paytaxtın Mətbuat prospektindəki müəyyən ərazinin təmizlik işlərinin bir hissəsi mənə həvalə olunub. Qışdan fərqli olaraq yayda işləmək daha çətindir. İsti bəzən nəfəsimizi kəsir. Sərinlənmək üçün yarım saatdan bir ağacın kölgəsinə sığınıram. Susuzluğu yatırmaq üçün tez-tez ağacın altında nəfəsimizi dərib çaydan, sudan içirik”.

 
Metronun “28 May” stansiyasının qarşısında lavaş satan Gülər Əsədova da günün altında işləyib alın təri ilə pul qazananlardandır. Evinin Ələtdə olduğunu deyən ana Bakıda pul qazanmaq üçün hər gün lavaş bişirir: “Ancaq lavaş satıram. Artıq neçə ildir ki, bu işlə məşğulam. Hər gün lavaş bişirirəm, həftənin iki günü isə bura gələrək satıb pul qazanıram. Yayda istidən nəfəs almaq olmur. Nə edim, başqa yerdə iş yoxdur. Lavaşla çörək pulumu qazanıram. İmkanım olsaydı, mən burda olardım?”

Ananın günlük qazancı isə o qədər də çox deyil: “Gündəlik 15-20 manat qazanıram, o da heç çəkdiyim əziyyətə dəymir”.
 
Lakin qızmar hava kiməsə sərf etməsə də, kimin üçün əlavə qazanc mənbəyinə çevrilib. Həmsöhbətimiz olan taksi sürücüləri deyir ki, bəzən belə isti havalarda insanlar qısa yolu qət etməyə tənbəllik edərək taksi ilə getməyə üstünlük verirlər. Amma bununla belə, onlar da gileylidir.

 
Taksi sürücüsü Murad Əliyev deyir ki, başqa işi olsaydı, günün qızdığı belə vaxtda heç taksi sürməzdi: “Bu işdir ki?! Amma nə edim, mən də bu yolla qazanıram. Ötən aylara baxanda, bu ay daha çox müştərim olub. Şükür, qazancım normaldır, məni qane edir. Hərdən deyirəm ki, kaş belə istilər olmayaydı. Amma hərdən də fikirləşirəm ki, istilər olmasa, qazancımız az olar".

Bakının gəlmə və yerli sakinləri günəşin qızmar şüaları altında hər gün evlərinə çörəkpulu aparmaq üçün açıq havada işləmək məcburiyyətindədirlər.
 
Kənardan isə “dadlı bişmiş qarğıdalı 1 manata”, “qovrulmuş şabalıd 4 manata”, “ləziz türk dondurmasına qonaq olun” deyən səslər eşidilir... (Sputnik Azərbaycan)

DİGƏR XƏBƏRLƏR

Top