Yalçın Rzazadə: "Vəziyyətim ağırdır, ancaq mənə diqqət göstərən yoxdur"


"Həyatımın ən ağır günlərini yaşayaıram".
Bunu Yeniavaz.com-a açıqlamasında xalq artisti Yalçın Rzazadə deyib.
Xalq artisti səhhəti ilə bağlı danışarkən bildirdi ki, ömründə ən ağır günlərini yaşayır: "Mərkəzi Dənizçilər Xəstəxanasından vəziyyətimlə bağlı doğru məlumat vermirlər. Xəstəliyimlə, vəziyyətimlə bağlı heç kimə heç nə demirlər. Deyirlər heç nə yoxdur, elədir-belədir. Amma mən açığı deyirəm, ağırdır vəziyyətim. İndi həkim deyir ixtiyarımız yoxdur səhhətinizlə bağlı nəsə deyək".

Y. Rzazadə dedi ki, iki nəfər qoluna girməsə nə otura bilir, nə də dura bilir: "Əməliyyat mütləq olunmalıdır, ancaq hələlik problem çoxdur. Qanımda, ürəyimdə problemlər çoxdur. Gərək bu problemlər aradan qalxsın ki, mən əməliyyat oluna bilim. Hələlik iş çoxdur. Yaxşı deyiləm. Hazırda iki nəfər qoluma girir, ancaq hərəkət edə bilirəm".

O qeyd etdi ki, həyatının ən ağır günlərini yaşamasına baxmayaraq heç kimdən zərrə qədər diqqət və qayğı görmür: "Mən bu haqda bir neçə nəfərə dedim. 50 il sənətimi, həyatımı Azərbaycan musiqisinə, mədəniyyətinə xərcləmişəm. Amma əfsuslar olsun ki, mənim bu gün ən ağır vaxtımda, bəlkə də sabah mənim səsimi eşitməyəcəksiniz, mən zərrə qədər diqqət görmədim. Yəni mən Azərbaycana lazım deyiləm. Vəssəlam. Mətbuatdan da kim zəng edir, yazmırlar. Niyə yazmasınlar axı? Yalçın oğru deyil, bandit deyil, dövlətçiliyin, dövlətin qarşısında olmayıb, hər zaman öndə gedən və xalqını sevən sənətkar olmuşam. Mənə qarşı bu nə biganəlikdi? Niyə mən diqqətsiz, kimsəsiz olmalıyam? Azərbaycanda heç kəsə mənim ölümün-dirimin dəxli yoxdur".

Xalq artisi onu da qeyd etdi ki, yenidən sağlamlığına qovuşmaq, yaşamaq və yaratmaq istəyir: "Mən də yaşamaq istəyirəm, yaratmaq istəyirəm. Səsim yerindədir, sağlamlığım yerində olsa yenidən hər şey yaxşı olar. Təşəkkür edirəm sizə".
Xatırladaq ki, bu gün mətbuatda xalq artisti Yalçın Rzazadənin vəziyyətinin ağır olması və Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilməsi ilə bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı Mərkəzi Dənizçilər Xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxanadan Yeniavaz.com-a bildirdilər ki, xalq artisti xəstəxanaya sadəcə ambulator müayinə üçün gəlib: "Yalçın Rzazadənin vəziyyəti ağır deyil. Bəli, o xəstəxanaya gəlmişdi. Ambulator müayinədən keçdi və xəstəxanadan çıxdı. Vəziyyəti yaxşı idi".
 
Qeyd edək ki, Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunda ziyalı ailəsində doğulub. O, 1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olmuş və 1967-ci ildə həmin institutun aktyorluq fakültəsindən məzun olub.1968-ci ildə Üzeyir Hacibəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş və 1973-cü ildə həmin təhsil ocağını bitirib.1979-cu ildə əməkdar artist, 2000-ci ildə xalq artisti adına layiq görülüb. Bununla yanaşı 2 dəfə karate üzrə çempion olub.

Yalçın Rzazadəni Azərbaycan tamaşaçısına tanıdan onun 60-cı illərinin sonunda musiqisi Cahangir Cahangirova aid "Durnalar" mahnısı olub.
 
İllər ərzində Cahangir Cahangirov, Tofiq Quliyev, Emin Sabit oğlu, Oqtay Kazımi, Telman Hacıyev, Elza İbrahimova, Oqtay Rəcəbli, Ramiz Mirişli, Nəriman Məmmədov, Kamal, Eldar Mansurov, Firəngiz Babayeva kimi bəstəkarlar ona mahnılar yazmışlar. Oxuduğu orkestrlərdən-Böyük Simfonik və Estrada- Simfonik Orkestrləri, Xalq Çalğı Alətləri Orkestri, Dan Ulduzu İnstrumental Ansamblı, Vaqif Mustafazadənin rəhbərliyi ilə “Sevil” vokal ansamblı, Əhsən Dadaşov adına “Xatirə” ansamblı, SSRİ-nin  Yuri Silantyev və Aleksandr Mixaylovun rəhbərliyi ilə Estrada- Simfonik orkestrləri, Leninqradda Leybmanın rəhbərliyi ilə Caz Ansamblı ona müşayiət ediblər.

Bu illərdə Yalçın Rzazadə "Od içində" filmində baş rola – Əmir bəy roluna dəvət alır. Bu filmdən sonra Yalçın Rzazadə yenidən filmlərə dəvət alsa da, çoxsaylı qastrol səfərləri, Azərbaycanın bölgələrində verdiyi konsertlər filmlərə çəkilməyə imkan vermir. "Dədə Qorqud", "Gün keçdi", "Qaynana","Bayquş qayıdanda", "Baladadaşın ilk məhəbbəti" kimi filmlərin musiqilərinə Yalçın Rzazadə öz ifası ilə ölməzlik bəxş edib.
 
Şahmərdan Əhmədli
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top