Tanınmış hüquq müdafiəçisi: "54 il siqaret çəkmişəm, amma heç kimə siqaret çəkməyi məsləhət görmürəm"

Dünyada hər il 6 milyon insan tütünün təsirindən, onun yaratdığı xəstəliklərdən dünyasını dəyişir. Onların arasında 900 000 nəfəri passiv tütün çəkənlər təşkil edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, tütün tüstüsü dünyada ölüm riski yaradan 8 xəstəlikdən 6-nın inkişafında əsas səbəb sayılır. Burada ilk növbədə ürəyin işemik xəstəlikləri, baş beyin insultları və digər təhlükəli xəstəliklər qeyd olunur.

ABŞ alimlərinin araşdırmalarına görə, belə davam edərsə, 2020-ci ildə dünyadakı bütün xəstəliklərin 10 faizi siqaretə bağlı olacaq və hər il təxminən 10 milyon insan siqaretdən öləcək. Bu 10 milyon insanın 7 milyonu inkişaf etməkdə olan ölkələrdə olacaq. Doğrudur, demək olar ki, bütün siqaret qutularının üstünə “Siqaret çəkmək sizin sağlamlığınız üçün zərərlidir” xəbərdarlığı yazılsa da, buna əhəmiyyət verən azdır və siqaret aludəçilərinin sayı durmadan artır. 

Mütəxəssislər bildirir ki, siqaretin təkcə tüstüsündə 4 mindən çox zərərli maddə vardır. Siqaret tüstüsündə olan əsas maddələr kokain və morfin qədər asılılıq yarada bilir. Nikotin qanda oksigen daşınmasına mane olan və ölümə yol açan maddədir. Beynəlxalq Xərçəng Araşdırma Agentliyinin hesablamalarına görə, siqaretin tərkibində xərçəngə səbəb olan 55 maddə tapılıb.

Siqaret dərinin də ən böyük düşmənidir. Dəriyə su verən qan damarları siqaret çəkdikdən sonra bir neçə dəqiqə büzülür. Dəridə rəng dəyişikliyi əmələ gəlir və erkən yaşlanır. Diş ətləri çirkli və murdar bir görünüş qazanır, diş əti xəstəlikləri ortaya çıxır. Ağızda dadbilmə qabiliyyəti yoxa çıxır. Dodaq, dil xərçəngi riski artır. Qırtlaq və nəfəs borusunda iltihablanma, xroniki faringit, səs tellərində xərçəng riski müşahidə edilir. Gözlərdə katarakt və irəli yaşlarda korluq meydana gəlir. Mədə və yemək borusunda xora, qanama, qastrit və xərçəng riski artır. Əllərdə və barmaqlarda saralma, dırnaqlarda zəifləmə müşahidə edilir. Sümük və skelet sistemi pozulur, sümük əriməsi meydana gəlir.

Araşdırmalar onu göstərib ki, dünyada siqaret çəkənlərin sayı bir milyarddan çoxdur. Onların arasında qadınlar da az deyil. Qonşu Rusiya, Türkiyə dövlətlərində qadınların siqaret çəkməsi adi hal kimi qarşılanır. Lakin Azərbaycanda gəldikdə, son vaxtlar ölkədə siqaret çəkən qadınların sayının artdığı deyilsə də, cəmiyyətimizdə qadınların siqaret çəkməsi birmənalı qarşılanmır, zəif cinsin nümayəndəsi kimi onlara bu aludəçilik yaraşdırılmır.

Statistik məlumata görə, Azərbaycanda kişilərin təxminən 35 faizi siqaret çəkir. Əvvəllər ölkədə siqaret çəkən qadınların sıfır faiz təşkil etdiyi deyilsə də, son araşdırmalara görə, hazırda qadınların 1,5 faizi siqaret çəkir. Onların çox az qismi ictimaiyyətdən siqaret çəkdiyini gizlətmir.

Siqaret çəkən məşhur xanım sənətçilərimiz də var ki, onlar bu vərdişlərini heç də gizlətmirlər. Məsələn, xalq artistləri Nisə Qasımova, Aygün Kazımova, bəstəkar Nailə Mirməmmədli və sairə. Eləcə də tanınmış ictimaiyyət nümayəndələri arasında siqaretdən istifadə edənlər az deyil. Onlardan biri hüquq müdafiəçisi Novella Cəfəroğludur.

54 il siqaret çəkdiyini deyən hüquq müdafiəçisi gənc xanımlara bu vərdişdən uzaq durmağı məsləhət gördü: “Özüm 54 il çəkmişəm və çox sevinirəm ki, 5 ildir  bu vərdişimi tərgitə bilmişəm. Qətiyyən, xüsusilə cavanlara siqaret çəkməyi məsləhət görmürəm. Çünki hazırda onun fəsadları mənim səhhətimdə özünü göstərir. Həm tez qocalacaqlar, həm də üzlərində qırışlar əmələ gələcək. Xüsusilə ağciyərlərdə böyük problemlər, immun çatışmazlığı yaradır. Düşünürəm ki, cinsindən asılı olmayaraq hər kəsə siqaret çəkmək yasaqdır, xüsusilə zərif cinsin nümayəndələrinə. Həqiqətən də yaxşı vərdiş deyil”.
(musavat.com)

DİGƏR XƏBƏRLƏR

Top