Avropa Parlamenti yeni rəhbərini seçib - VİDEO


Avropa Parlamentinin üzvləri növbəti 2,5 il müddətində onlara rəhbərlik edəcək şəxsi müəyyən ediblər.
Yeniavaz.com xarici mətbuata istinadla xəbər verir ki, bu posta əvvəllər jurnalist kimi fəaliyyət göstərmiş italiyalı Deyvid Sassoli layiq görülüb. Sosial-demokrat siyasətçi D. Sassoli, səsvermənin ikinci mərhələsində parlamentdəki 667 səsdən 345-ni alaraq AP-nin yeni rəhbəri olub. Bu post üçün D. Sassoli də daxil 4 namizəd mübarizə aparırdı. 10 ildir ki, Avropa Parlamenti sıralarında fəaliyyət göstərən 63 yaşlı D. Sassoli İtaliyanın Florensiya şəhərində doğulub. O, parlament rəhbərliyini həmyerlisi Antonyo Tajanidən təhvil alacaq.
Həmçinin Avropa Birliyindəki liderlər 3 günlük müzakirələrdən sonra qurumun ən vacib postlarına namizəd göstərilən şəxsləri də müəyyənləşdiriblər. Buna əsasən Avropa Mərkəzi Bankının rəhbərliyinə İMF-nin hazırkı rəhbəri 63 yaşlı Kristin Laqard, qurumun icraedici orqanı olan Avropa Komissiyasının rəhbərliyinə isə Almaniyanın müdafiə naziri, 60 yaşlı Ursula fon der Lyayeyn namizəd göstərilib.
Qeyd edək ki, Laqard əgər seçilərsə Avropa Mərkəzi Bankına rəhbərlik edəcək ilk qadın olacaq.

DİGƏR XƏBƏRLƏR

Top