Yüksək vəzifələrdə işləyən bakılı ermənilər - DOSYE


(Fotoda: Mixail Bno-Ayriyan)

Xəbər verdiyimiz kimi, ötən gün 1984-cü ildə Bakıda anadan olan erməni əsilli Mixail Bno-Ayriyan paytaxt Kiyevin də daxil olduğu Kiyev vilayətinə qubernator təyin edilib.
Yeniavaz.com xəbər verir ki, Mixail Bno-Ayriyan orta təhsilini Ukraynada, ali təhsilini Moskvada tamamlayıb. Əmək fəaliyyətinə jurnalist kimi başlayıb. Daha sonra Ukraynanın Moskvadakı səfirliyindı işləyib. 2010-13-cü illərdə Ukraynanın Xarici işlər naziri Konstantin Qrişenkonun məsləhətçisi olub. 2015-16-cı illərdə Energetika nazirliyində departament rəhbəri olub. 2016-cı ildən etibarən "Ukrenerji" şirkətinə rəhbərlik edib.


(Fotoda: Arsen Avakyan)

Qeyd edək ki, Mixail Bno-Ayriyan Ukraynada yüksək vəzifəyə təyin olunan Bakıda anadan olan erməni əsilli ilk şəxs deyil. Daha əvvəl - 2014-cü ildə Ukraynanın Daxili işlər naziri təyin olunan Arsen Avakyan da 1964-cü ildə Bakıda anadan olub. 2005-10-cu illərdə Xarkov vilayətinin qubernatoru, 2012-14-cü illərdə Ukrayna parlamentinin deputatı olan Avakyan eyni zamanda Ukraynanın ən varlı şəxslərindən biri hesab olunur.
Həm Mixail Bno-Ayriyan, həm də Arsen Avakyan uşaq olduqları zaman ailələrilə birgə Bakıdan köçüblər. 


(Fotoda: Vladimir Petrosyan)

Bakıda anadan olan erməni şəxslər təkcə Ukraynada yüksək dövləti vəzifələri tutmayıblar. Hazırda Rusiyanın paytaxtı Moskva şəhərində Əmək və əhalinin sosial müdafiəsi departamentinin rəhbəri Vladimir Petrosyan adlı şəxsdir. Vladimir Petrosyan 1959-cu ildə Bakıda anadan olub. Arsen Avakyandan fərqli olaraq Vladimir Petrosyan uzun illər Bakıda yaşayıb və işləyib.
Vladimir Petrosyan Xankəndi Universitetini bitirdikdən sonra Bakıda müxtəlif vəzifələrdə çalışıb. Son iş yeri - Bakı şəhəri Binəqədi rayonu (keçmiş Kirov rayonu) 30 saylı məktəbdə direktor vəzifəsi olub.

Bakıda anadan olan və yüksək vəzifə daşıyan şəxslərdən biri də 1949-cu ildə anadan olan Robert Markaryandır. Bu şəxs əmək fəaliyyətinə Bakıda - "Bakqaz" trestində dəmirçi kimi başlayıb. Daha sonra Moskvada Lomonosov adına Universitetdən məzun olub. 1990-91-ci illərdə SSRİ Prezident Şurasının sədri, daha sonra - 1991-95-ci illərdə isə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəisi olmuş Yevgeni Primakovun köməkçisi olub. 1998-99-cu illərdə Rusiya Nazirlər kabinetində Katibliyin rəhbəri olub. 1999-2006-cı illərdə Rusiyanın Suriyada, 2009-2015-ci illərdə isə Xorvatiyada səfiri olub. 
Bunlardan başqa Bakıda anadan olan erməni əsilli şəxslər arasında Ermənistanda da yüksək vəzifələr tutanlar olub. Belə ki, Bakıda anadan olan Pavel Kaltaxçyan Ermənitsanda Dövlət əmlakının idarə edilməsi naziri, Rafael Baqoyan Əmək və sosial təminat naziri, Karlos Kazaryan Daxili işlər naziri olub.

DİGƏR XƏBƏRLƏR

Top