Ərdoğan uyğur türkləri mövzusunda Çini müdafiə edib? - İDDİA


Çin hökuməti Sincanda yaşayan müsəlman azlığa göstərdiyi münasibətə görə beynəlxalq arenada kəskin tənqidlərə məruz qaldığı halda, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Çində rəsmi səfərdə olarkən sözügedən azlığın xoşbəxt həyat tərzi sürdüyünü dediyi iddia edilib.
Yeniavaz.com Türkiyənin "Sözcü" qəzetinə istinadla xəbər verir ki, Çinin dövlət televiziyası Ərdoğanın sözlərini belə təqdim edib: "Çinin Sincan bölgəsindəki insanların ölkənin inkişafı və rifahı içində xoşbəxt həyat tərzi sürdüyü həqiqətdir. Türkiyə, Türk-Çin əlaqələrinin ahəngdarlığını heç kimin pozmasına icazə verməz. Türkiyə radikalizmlə hər zaman mübarizə aparıb, ona görə də Çin hökuməti ilə qarşılıqlı siyasi etibarlılığı və təhlükəsizlik əməkdaşlığını gücləndirməyi arzulayırıq".
Digər tərəfdən isə "Deutsche Welle" agentliyinin xəbərinə görə Çin hökuməti Sincanda yaşayan uyğur və digər etnik qruplardan ibarət müsəlman azlığa tətbiq etdiyi üsulu "terrorçuluqla mübarizə" adlandırır.
Birləşmiş Millətlər Təşkilatı isə bir milyona yaxın uyğur və digər müsəlman azlıqların səbəbsiz yerə toplama düşərgələrində saxlanıldığını təxmin edir.
Qeyd edək ki, rəsmi Ankara da dəfələrlə Çini insan haqlarını kobud şəkildə pozmaqda günahlandırıb.

DİGƏR XƏBƏRLƏR

Top