Ermənistanda Azərbaycan və Türkiyə kanallarına baxırlar - SƏBƏB


2016-cı il yanvar ayının 1-dən etibarən Ermənistanda televiziyalar rəqəmsal yayıma keçiblər. Lakin, bəzi regionlarda rəqəmsal yayım vətəndaşlar üçün əlçatan olmadığından onlar qonşu ölkələrin, xüsusən də Türkiyə və Azərbaycan televiziya kanallarını izləməyə məcbur olurlar.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, bu məsələ ötən həftə parlamentin iclasında millət vəkili Sergey Baqratyan tərəfindən müzakirəyə çıxarılıb. Məsələyə münasibət bildirən Ermənistan Təhlükəsislik Xidmətinin rəhbəri Artur Vaneçyan etiraf edib ki, həqiqətən də sərhəd bölgələrində Azərbaycan televiziyalarının baxanlar vardır.
İşğal altında olan Dağlıq Qarabağda fəaliyyət göstərən televiziya kanallarından birinin baş redaktoru Xaçatur Melkumyan bildirib ki, hazırda Stepanakert şəhərinin (Xankəndi) ərazisində Azərbaycan televiziya kanallarına baxan yoxdur: "Amma sərhədə yaxın bölgələrdə Azərbaycan kanallarını izləyənlər var. Onlar əsasən Azərbaycan dilini bilən nisbətən yaşlı nəslin nümayəndələridir. Gənc nəsil Azərbaycan dilini bilmədiyi üçün onlar bu televiziya kanallarını izləməyə maraqlı deyillər".
İnformasiya təhlükəsizliyi üzrə mütəxəssisi Samvel Martirosyan isə qeyd edib ki, Azərbaycan televiziya kanallarından biri erməni dilində yayım həyata keçirir: "Ona görə də onlar bu məsələdə maraqlıdırlar. Azərbaycan televiziyalarının yayımı sərhəd bölgələrində daha güclü təşkil edilir".
Ekspet deyib ki, internet bu boşluğu bir qədər doldurur, amma əyalətlərdəki internet bağlantısı İrəvanda olduğu kimi güclü deyil.

DİGƏR XƏBƏRLƏR

Top