Bakıda bu ərazidə də bina tikiləcək – sakinlər isə park istəyir - FOTOLAR


Bakı şəhər Nəsimi rayonunda, Ənvər Hüseynov küçəsi ilə Tbilisi prospekti arasında yerləşən yaşayış kompleksinin sakinləri, yaşadıqları binaların ortasında tikinti işlərinin aparılmasından narahatdırlar.
Yeniavaz.com  xəbər verir ki, həmin yaşayış kompleksi həm də Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsini kəsişməsində yerləşir. Sakinlər redaksiyamıza müraciət edərək bu ətrafda istirahət parkı olmadığını, həmin tikinti işlərinin aparıldığı ərazinin isə qismən yaşıllıq olduğunu bildiriblər. Bu səbəbdən də onlar həmin ərazidə tikinti işlərinin aparılmasından narahatdırlar və sözügedən ərazinin istirahət parkı edilməsini istəyirlər. Çünki ərazidə tikinti aparılan tək yer bura deyil. Belə ki, Ənvər Hüseynov küçəsinin digər tərəfində, Əbdülvahab Salamzadə küçəsi ilə Azər Əliyev küçəsinin arasında da bir neçə yerdə tikinti işləri aparılır. Bu da sakinlərin həm ekoloji cəhətdən nigarançılığına, həmdə səs-küydən narahatlığına gətirib çıxarır. Onlar bu istəkləri barədə aidiyyatı qurumlara müraciət edəcəklərini də bildirdilər.
Qeyd edək ki, sözügedən ərazidə yerləşən bir neçə köhnə tikili dağıdılıb, futbol meydançası sökülüb və hazırda sahənin Ə. Salamzadə küçəsi tərəfə olan hissəsində inşaat işləri aparılır. Məsələ ilə bağlı Nəsimi rayon İcra hakimiyyətinə müraciət etsək də, cavab verən olmadı.




DİGƏR XƏBƏRLƏR

Top