Rahib Branson: Türklərin xristianlığa simpatiyası artır - VİDEO


ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar Komissiyası tərəfindən təşkil olunan "Türkiyədə Dini Azadlıqlar" mövzulu seminarda Türkiyənin İzmir vilayətində 2 il həbsdə qalan və ardınca Amerikaya təhvil verilən rahib Andreu Branson çıxış edib.
Yeniavaz.com "Euronews"ə istinadla xəbər verir ki, Branson Türkiyədə xristianlara göstərilən təzyiqlərin artdığını və bu halın gələcəkdə daha faciəvi hal alabiləcəyini bildirib. Türkləri çox sevdiyini vurğulayan Brunson yaşanan hadisələrə görə türkiyəliləri günahlandırmadığını qeyd edib.
Türkiyədə türk olmağın müsəlman olmaq kimi anlaşıldığını deyən Branson buna baxmayaraq xristianlığa simpatiyanın artdığını söyləyib: "Göstərilən təzyiqlər və ölkədəki çətin vəziyyətə görə hər gün daha çox insan kilisələrə üz tutur və xristianlıq haqqında suallar soruşur".
Türkiyədə xristianlığın mövcud təhdid kimi görüldüyünü bildirən Branson, yaşadığı problemlərin gələcəkdə türk rahiblərin də başına gələbiləcəyindən qorxduğunu qeyd edib.
Branson Türkiyə mətbuatının onun əleyhində qərəzli məlumatlar yayması məsələsinə də toxunub: "Məni terrorçu, casus, qaranlıq və ən sevdiyim - Rembo rahib adlandırırdılar. Yeni Zelandiyadakı məscidlərdə törədilən qətliama görə belə məni günahlandırırdılar. Türkiyədə bu artıq normal hal alıb. Hökumət də bu mövzuda mətbuatı dəstəkləyir."
Rahib Branson həmçinin ABŞ-ın rəsmi Ankaraya təzyiqlərini artırmalı olduğunu deyib: "Mən məhz bu səbəbə görə azad edilmişəm və buna görə də Amerika hökumətinə minnətdaram".
Qeyd edək ki, amerikalı yevangelist pastor A. Branson Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra İzmirdə həbs olunmuş və 2 il həbsdə qalmış, 12 oktyabr 2018-ci ildə azad edilərək ABŞ-a təhvil verilmişdi. O, hərbi və siyasi casusluqda, terror təşkilatının maraqları naminə cinayət törətməkdə ittiham edilirdi.
Bu hadisədən sonra isə ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar Komissiyası 2019-cu ilin hesabatında Türkiyəni dini azadlıqlar mövzusunda "narahatçılıq doğuran ölkələr" siyahısına əlavə etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top