Qadın onu 12 dəfə bıçaqlamış keçmiş ərini bağışladı

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham olunan 45 yaşlı Zaur Rzayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, hadisə paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən "Stil" gözəllik salonunda baş verib. Z.Rzayev keçmiş həyat yoldaşı Aynur Rzayevaya 12 bıçaq zərbəsi vurub.

O, istintaqa verdiyi ifadəsində bildirib ki, boşandığı arvadı ilə telefonla danışarkən kişi səsi eşidib. Bundan əsəbiləşərək onun işlədiyi salona gəlib və bıçaqla çoxsaylı zərbələr endirib.

Təqsirləndirilən Z.Rzayev ifadəsində Aynur Rzayeva ilə 1996-cı ildə ailə həyatı qurduqlarını, 2018-ci ildə isə boşandıqlarını göstərib. İki övladı onunla, keçmiş həyat yoldaşı isə anasıgildə yaşayıb. Keçmiş həyat yoldaşına zəng edən zaman kişi səsi eşitdiyi üçün əsəbiləşib, onu bıçaqlayıb. Lakin öldürmək niyyəti olmadığını deyib.

Tərəflərin suallarını cavablandıran Z.Rzayev arvadının telefonunda mesajlaşdığını gördüyünü, onun başqa şəxslərlə münasibəti olduğu qənaətinə gələrək boşandığını söyləyib.

Zərərçəkmiş A.Rzayeva keçmiçş ərinin yalan danışdığını deyib.

O, ifadəsində 18 yaşında ailə qurduğunu, ailədaxili narazılıqların kökündə isə Zaurun içkiyə qurşanmasının səbəb olduğunu bildirib: “İçəndə nə etdiyini bilmir, məni incidir, fiziki zor tətbiq edirdi. İçməyəndə isə normal olurdu. İçkini tərgidə bilmədiyinə görə, işini də tez-tez itirirdi. Məktəbdə işləyirdim, ancaq maaş az olduğuna görə, evin yanında icarəyə yer götürüb dərzi və saç ustası kimi fəaliyyət göstərirdim. Həddindən artıq qısqanc olduğuna görə, hər şeyi problemə çevirir, özündən fantaziyalar quraraq, məni incidirdi. Hətta telefonuma qadın müştərilər zəng edəndə də əsəbiləşirdi".

A.Rzayeva ifadəsində ərinin onun haqqında dediklərinin həqiqətə uyğun olmadığını məhkəmənin diqqətinə çatdırıb: “Boşanmağımızın səbəbi də onun içməsi ilə bağlı olub. Elə hadisə günü də içkili idi”.

Qadın sonda bildirib ki, uşaqlarının xətrinə keçmiş ərindən şikayətçi olmadığını söyləyib.

Prosesdə hadisə baş verən zaman salonda olan müştəri Fəridə Əliyeva da ifadə evrib. O bildirib ki, təqsirləndirilən şəxsi əlində bıçaq salona girəndə görüb və dərhal bayıra qaçıb qışqıraraq kömək çağırıb.

Məhkəmə prosesi iyulun 3-də davam edəcək.

Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən "Stil" gözəllik salonunda baş verib. 41 yaşlı Aynur Rzayeva keçmiş həyat yoldaşı Zaur Rzayev tərəfindən bıçaqlanıb. Çoxsaylı bıçaq xəsarətləri alan yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin səyi nəticəsində A.Rzayevanın həyatını xilas etmək mümkün olub.

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi deyilir. Belə ki, Z.Rzayev keçmiş arvadı ilə barışmaq istəyib. Lakin qadın onunla barışmaqdan imtina edib. Keçmiş ər-arvad arasında bununla bağlı mübahisə yaranıb, mübahisə sonda qanlı cinayətlə nəticələnib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən Z.Rzayev saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top