Azərbaycanda "YouTuber" avtobus sürücüsü tərəfindən döyüldü - FOTOLAR


Sosial əhəmiyyətli videoçəkilişlər edən və fotoqraf kimi fəaliyyət göstərən "YouTuber" Nicat Qasımov Bakıda avtobus sürücüsü tərəfindən döyülüb.
1998-ci il təvəllüdlü Ağdaş sakini N. Qasımov Yeniavaz.com - a bu barədə açıqlama verərkən bildirib ki, hadisə bir problemi ictimailəşdirmək istəyərkən baş verib: ""28 May"dan "Azadlıq" prospekti istiqamətində gedərkən piyada keçidindən keçməli oldum. Lakin bu zaman gördüm ki, "10-TF-798" dövlət nömrə nişanlı, 11 nömrəli marşurut avtobusunun sürücüsü nəqliyyat vasitəsini piyada keçidinin üzərində saxlayıb. Onun ətrafında dolanmaq üçün isə avtomobillərin keçdiyi yola çıxmalı idim ki, bu da insan həyatı üçün təhlükəli idi. Nəticədə məsələni ictimailəşdirməyi qərara aldım. Hadisənin fotolarını çəkərkən sözügedən avtobusun sürücüsü təhqirəramiz ifadələr işlədərək yanıma gəldi və mənim başıma dəfələrlə zərbə endirdi. Sonra da heç nə olmamış kimi çıxıb getdi. Bu ərəfədə mən ona heç nə etmədim. Hadisədən sonra ən yaxındakı polis bölməsinə yaxınlaşdım və sürücü haqqında şikayət etdim".
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Agentliyin mətbut şöbəsinin rəhbəri Mais Ağayev bildirdi ki, bu hal ciddi nəzarətə götürüləcək və dərhal tədbir görüləcək: "Biz də öz növbəmizdə məsələni araşdıracağıq. Həmin daşıyıcı dərhal, indi agentliyə çağrılacaq. Məsələ ilə bağlı ondan izahat tələb olunacaq və zəruri olan bütün tədbirlər görülücək".


Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top