BMT Rusiyanı Suriyada xəstəxanalara qəsdən hücum etməkdə günahlandırır


Birləşmiş Millətlər Təşkilatı Rusiya-Suriya koalisiyasını İdlib və Hama vilayətlərinə hücum zamanı xəstəxanalara ağır zərbələr endirməkdə günahlandırıb.
BMT və Ümumdünya Səhiyyə Təşkilatı bombardmanlar zamanı 23 xəstəxana və onlarla məktəbin ziyan gördüyünü bildirib.
“Radio Svoboda”nın verdiyi məlumata görə, tibbi müəssisələrin yeni koordinatları hər iki tərəfə BMT vasitəsilə təqdim olunur. Lakin buna rəğmən Rusiyanın dəstəklədiyi Suriya gücləri aprelin sonunda İdlibə başlanılan hücum zamanı heç bir humanitar hüdud gözləməyiblər. Nəticədə 150 min insan doğma yurdlaırnı tərk emətyə məcbur olub.
“BMT-nin münaqişələrin qarşısının alınması sistemi çərçivəsində koordinatlarını verdiyi obyektlərin vurulması tamamilə qəbuledilməzdir. İndi bir sıra tərəfdaşlar düşünürlər ki, BMT coğrafi koordinatları verməklə əslində bir növ onların kürəklərində nişan lövhəsi çəkmiş olur”, - deyə ümumdünya təşkilatının Baş katibinin humanitar məsələləri üzrə müavini Mark Lokok Təhlükəsizlik Şurasının iclasında söyləyib.
Onun sözlərinə görə, hava zərbələrindən dağılan iki tibb müəssisəsi məhz Suriya hökumətinin nəzarət etdiyi rayonlarda yerləşib. M.Lokokun bildirdiyinə əsasən, artıq bu bombardmanlar qəsdən insanları terrorizə etmək niyyətini daşıdığı təəssüratını oyadır.
Həmin səbəblərdən də Suriya həkimləri öz klinikalarının olduğu yeri BMT-dən gizləməyə başlayıblar. Bunu Böyük Britaniyanın “The İndependent” qəzeti məlumat verib. Dünyanın hər yerindən olan onlarla həkimin imzaladığı məktubda qeyd olunur ki, Rusiya qırıcılarının və Suriya hökumətinin amansız hücumları sayəsində xəstəxanalar fövqaladə hal şəraitində işləməyə, yalnız təxirəsalınmaz xəstəlikləri müalicə etmək məcburiyyətində qalıb.
“MedGlobal” təşkilatının prezidenti Zaher Salul deyib ki, İdlibdəki bir hospital bir həftədə iki dəfə, özü də dislokasiya olunmazdan qabaq bombalanmağa məruz qalıb. Z.Salul xəstəxananın qayada yerləşdiyini, lakin onun da bombaların təsiri ilə uçduğunu bildirib.
“Qitələr üzrə həkimlər” (Physicians Across Continents) fondundan doktor Məhəmməd Zahid qəzetə verdiyi müsahibədə hətta mobil xəstəxanaların belə aviazərbələrdən qurtulmadığını söyləyib.
“Bizim bunlara yönəlik “B planı”mız da yoxdur. Bu bölgədə yalnız “A planı” ola bilər. Xəstəxanaları vurmaq olmaz. Onlar savaşdan kənarda tutulmalıdır”,-deyə M.Zahid qeyd edib.
Rəsmi Dəməşq və Rusiya komandanlğı isə adəti üzrə zərbələrin yalnız cihadçıların yuvalarına endirildiyini bildirir. Rusiya Federasiyasının BMT-dəki nümayəndəsi Vasili Nebeznya Moskvanın BMT-nin xəbər qaynaqları məsələsində və onların doğrulanması metodoligiyası ilə bağlı şübhələrinin olduğunu vurğulayıb.//musavat.com

DİGƏR XƏBƏRLƏR

Top