Mingəçevirdə Silahlı Qüvvələr Günü münasibəti ilə bayram tədbiri keçirilib


Silahlı Qüvvələr Günü münasibətilə Mingəçevirdəki "N" saylı hərbi hissədə tədbir keçirilib. Hərbi hissədə qulluq edən əsgər və zabitlərin bayram sevinclərinə qoşulan şəhər rəhbərliyi, hüquq-mühafizə orqanları, ictimaiyyət nümayəndələri, müharibə və əmək veteranları, Qarabağ müharibəsi və şəhid ailələri təmsilçiləri bir araya gəlməklə bu önəmli günə əlvan çalarlar qatdılar.

Dövlət himnimiz səsləndiriləndən sonra tədbirdə ilk olaraq çıxış edən hərbi hissənin komandiri, polkovnik-leytenant Cərulla Ağayev 101 illik tarixi olan milli ordumuzun keçdiyi şanlı yoldan, onun ilk qurucularından ürəkdolusu söz açmaqla, hamını bayram münasibətilə təbrik etdi və Ali baş Komandanın əmri ilə torpaqlarımızı düşməndən azad etməyə hazır olduqlarını əminlik hissilə vurğuladı.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  bu şanlı gün münasibətilə əsgər və zabitləri təbrik edərək, Azərbaycan ordusunun yenilməz gücündən, Ali Baş Komandan İlham Əliyevin zəbt olunmuş torpaqlarımızın azad edilməsi naminə gördüyü məqsədyönlü işlərdən söz açdı.

Çıxışının sonunda hərbi hissənin bir qrup nümunəvi əsgər və zabitlərinə qiymətli hədiyyələr təqdim edən şəhər rəhbəri hamıya uğurlar arzuladı.Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra şəhərimizin Mədəniyyət işçilərinin nəğmə sovqatları, Uşaq Gənclər İnkişaf Mərkəzinin “Sevinc rəqs qrupunun  balaca rəqqasələri  hamıda xoş ovqat hissi doğuran rəqsləri ilə  unudulmaz anlar bəxş etdilər.

Əsgərlərin şən rəqsləri tədbiri daha rəngarəng etdi.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top