Sürücülük etdiyi deyilən Kamal Quliyev: "Mən itirmədim, Azərbaycan futbolu itirdi"


"Sürücülük etmirəm, öz avtobuslarıma nəzarət edirəm".
Bu sözləri Yeniavaz.com-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Kamal Quliyev, haqqında mətbuatda yayılan xəbərlərə cavab verərkən deyib.
O bildirib ki, bu yaxınlarda öz işi ilə bağlı təklif də alıb:
"Mənim özümün bir neçə il öncə aldığım avtobuslarım var. Yaxın vaxtlara qədər onlara nəzarəti atam edirdi. İndi atam yaşlanıb. Mən də bekar olduğum üçün avtobusların hərəkətinə nəzarət edirəm. Arada olur ki, həmin nəqliyyat vasitələri ilə özüm də rayona gedəsi oluram. Amma sürücülük etmirəm. Sürücünün yanında oluram. Bu yaxınlarda bir yerdən iş təklifi almışam. Sadəcə dəqiq danışılmış bir şey olmadığı üçün bu haqda nəsə demək istəmirəm. Amma yəqin ki, qısa zamanda biz həmin adamlarla görüşüb daha ətraflı danışacağıq".
Eks-futbolçu və baş məşqçi gələcəkdə "Ağsu" futbol klubu ilə işləmək istədiyini də bildirib: ""Ağsu" futbol klubu ilə də işləmək, uğurlar qazanmaq istiyərəm. Çünki öz elim, obamdı. Amma o uşaqları yenidən hansı həvəslə, hansı istəklə, hansı məqsədlə bir araya gətirim? Birinci divizonun qalibi olduqdan sonra bizi nəyin gözlədiyini necə deyim onlara? Çünki "Neftçala"nın birinci divizondakı aqibəti məlumdur. Mən itirmədim, Azərbaycan futbolu itirdi. Orada qazanan Azərbaycan futbolu olacaqdı. 7-8 futbolçumuzun Premyer Liqada oynamaq şansı var idi. Orada oynayan futbolçulardan heç də zəif çıxış etmirdilər. Ona görə də Azərbaycan futbolu o komandanı və o futbolçuları itirdi".
Qeyd edək ki, 18 illik futbolçu karyerası ərzində "Xəzər Sumqayıt", "Neftçi", "Volın" (Ukrayna), "Karvan", "Xəzər Lənkəran", "Standard" kimi klubların uğurları üçün çalıçmış Kamal Quliyav, Azərbaycan millisində 50 oyun keçirib və öz dövrünün öndəgələn futbolçularından olub. Məşqçi kimi isə "Neftçi"də eləcə də "Neftçala"da çalışıb.
 
Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top