"Büdcə imkanlarından vətəndaşların xeyrinə istifadə edilir" - DEPUTAT


"Prezident İlham Əliyevin rəhbərliyi dövründə bütün büdcələr sosialyönümlü olub".

 

Yeniavaz.com xəbər verir ki, bunu “Yeni Müsavat”a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib. Deputatın sözlərinə görə, xüsusilə yanvardan başlayaraq prezidentin verdiyi sosialyönümlü qərarlar, fərmanlar, yanan “Diqlas” ticarət mərkəzində zərərçəkən sahibkarlara dövlətin yardımı birmənalı olaraq hamı tərəfindən alqışlandı.

 

Ç.Qənizadə qeyd etdi ki, ardınca 849 min nəfəri əhatə edən problemli kreditlərin həlli ilə bağlı qərar insanlara böyük dəstək oldu: “Eyni zamanda köçkünlərin, tələbələrin müavinətlərinin, əmək haqlarının artırılması bütövlükdə 3 milyon insanı ehtiva etdi. Bu, hələ ilin əvvəlində atılan addımlar idi. Vətəndaşlar prezidentin onların yanında olduğunu, problemlərini həll etdiyini gördü. Bir neçə gün əvvəl isə 2 milyon insanı əhatə edən minimum əmək haqqının 40 faiz artırılması, vətəndaşların sosial rifahına yönəlik addımlar atılması göstərdi ki, prezident hər zaman xalqın yanındadır, büdcə imkanlarından vətəndaşların xeyrinə istifadə edilir”. 

 

Komitə üzvü bildirdi ki, vətəndaşlar ən çox sosial problemlərdən şikayət edirdilər: “Cənab prezidentin icra başçılarına tapşırığı varıydı ki, xalqın içində olsunlar, şikayətlərini dinləsinlər. Bundan sonra məmurların sakinlərin problemlərini şəxsən dinləməsi, vətəndaş üçün vəzifəli şəxsin əlçatan olması şikayətlərin yerində həllinə gətirib çıxardı.

 

Artıq bölgələrdən insanlar yuxarı instansiyalara əvvəlki qədər müraciət etmirlər. Mən bunu məhkəmə hakimiyyətinə aid etmirəm, hələ də bu istiqamətdə problemlər var".

 

Ç.Qənizadə bildirdi ki, dövlət başçısı sosial problemlərin həlli üçün maliyyə mövcudluğundan istifadə edir: “İnsanlar onun dəstəyini görür. Bu, hələ son deyil, yeni-yeni addımlar atılacaq.

 

Onu da deməliyəm ki, maaş artımı həm də digər sahələrdə çalışanları məsuliyyəti olmağa vadar edir. Məsələn, hakim 3-4 min manat maaş alanda qeyri-prosessual addım atmaqdan çəkinir. Ona görə də prezidentin sosial rifahın yaxşılaşdırılması istiqamətində islahatları davam edəcək, yeni-yeni addımların şahidi olacağıq".

DİGƏR XƏBƏRLƏR

Top