"İmamoğlu növbəti prezident seçkilərində Ərdoğana rəqib ola bilər" - DEPUTAT


"Əkrəm İmamoğlu növbəti prezident seçkilərində Ərdoğana rəqib də ola bilər, çünki böyük nüfuzu var".

Bunu Yeniavaz.com-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Türkiyənin İstanbul şəhərində yenidən keçirilən bələdiyyə seçkilərinə münasibət bildirərkən deyib.

Onun fikrincə seçkilərin yenilənməsi prosesi və İmamoğlunun ikinci qələbəsi Türkiyədə müxalifət cəbhəsini toparlanmağa sövq edəcək:
"Türkiyədə bu məsələ artıq gözlənilən idi, çünki birinci turda Əkrəm İmamoğlu qalib gəlmişdi. Qarşı tərəf seçki məntəqələrindəki problemləri əsas gətirərək nəticələrə etiraz etmişdilər. Ancaq arqumentləşmə yox idi, yəni iddialar əsassız idi. Çünki təqdim olunan sənəddə də hüquqi əsaslandırma yox idi. Bununla da seçkinin təkrarının siyasi qərar olduğu üzə çıxdı. Bu da cəmiyyətdə müəyyən narazılıqlara səbəb oldu ki, nəticə olaraq təkrar keçirilən seçkilərdə səs fərqinin daha da artmasına gətirib çıxardı. Ancaq uzun müddət iqtidarda olan partiyanın təmsilçisinin 45 faiz səs alması əslində böyük nəticədir. Çünki bu iqtidarın xalq üçün etdikləri də göz qabağındadır. Bütün hallarda bu proses gələcəkdə Türkiyə siyasətinin yenidən dizayn olunması üçün başlanğıc kimi götürülməlidir. AKP üzərində qazanılan belə bir qələbə müxalifətin gələcəyə olan inamını da artırdı. Yəqin ki, müxalifət bundan istifadə edərək toparlanmağa və daha ciddi uğurlar əldə etməyə çalışacaq".

F. Mustafa növbəti prezident seçkilərində İmamoğlunun Ərdoğana rəqib ola biləcəyini də vurğulayıb:
"Əkrəm İmamoğlu növbəti prezident seçkilərində Ərdoğana rəqib də ola bilər, çünki böyük nüfuzu var. Ancaq bu hal baş verməyə də bilər, çünki o həm də bələdiyyədə öz nüfuzunu göstərməlidir. Göstərməlidir ki, o həqiqətən də bu posta layiqdir. Bələdiyyədə görəcəyi işlər onun bundan sonrakı kariyersı üçün çox vacibdir".
Qeyd edək ki, ötən gün İstanbulda bələdiyyə seçkiləri yenilənib. CHP namizədi mövcud səslərin 54,20 faizini (4 milyon 740 min 692) toplayaraq İstanbulun yeni bələdiyyə sədri seçilib. Onun ən böyük rəqibi AKP namizədi Binəli Yıldırım isə 44,99 faiz (3 milyon 934 min 896) səs oplaya bilib.
 
Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top