Binəli Yıldırım yoxsa Əkrəm İmamoğlu? - seçkilər bu gündür

Bu gün Türkiyənin İstanbul şəhərində yenidən bələdiyyə seçkiləri keçirilir.
Yeniavaz.com xəbər verir ki, İstanbul Bələdiyyəsi sədrliyinə əsas namizədlər hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım və Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğludur. Səsvermə yerli vaxtla saat 08.00-17.00 (Bakı vaxtı ilə 09.00-18.00) arasında olacaq. Saat 18.00-dan sonra səslərin sayımı başlanacaq.
Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. İstanbulun Bələdiyyə sədrliyi uğrunda ən çox səsi CHP namizədi Əkrəm İmamoğlu və AKP namizədi Binəli Yıldırım toplayıb. Ali Seçki Qurumu (YSK) Əkrəm İmamoğlunun 26 min səs fərqi ilə qalib gəldiyini açıqladıqdan sonra AKP seçkinin nəticələrinə etiraz edib və bəzi rayonlarda səslər yenidən sayılıb. Aprelin 17-də səslərin təkrar sayılması prosesi başa çatıb və səs fərqi 12 min nəfərədək düşüb.
AKP İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi və yenidən keçirilməsi tələbi ilə bağlı YSK-ya müraciət edib.
YSK aprelin 17-də İstanbul bələdiyyə sədri mandatını Əkrəm İmamoğluna təqdim edib, mayın 6-da isə İstanbulda seçkinin nəticələrinin ləğvinə qərar verib. Ə. İmamoğlunun mandatı geri alınıb.
YSK CHP və İYİ Partiyanın İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin bütövlükdə ləğv olunması ilə bağlı şikayətini isə təmin etməyib. 

DİGƏR XƏBƏRLƏR

Top