"Dincəlmək istəyirəm", yaxud Bakı çimərliklərində vəziyyət necədir?


İyunun 15-dən çimərlik mövsümü rəsmən açıq elan edilib. Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə birgə çimərlik sahələrində monitorinqlər keçirib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.

Mövsüm ayın 15-dən açıq elan edilməsinə baxmayaraq, vətəndaşlar havaların isti keçməsinə görə özlərini çoxdan dəniz kənarına çatdırıblar.

Analizlərin nəticələrinə görə isə bəzi çimərliklər yenə də mövsümə hazır deyil. Amma Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri istifadəyə yararlıdır. Bunun nəticəsidir ki, adı çəkilən çimərliklərdə ciddi sıxlıq müşahidə edilir. Təbii ki, tələbata görə, istirahət mərkəzlərinin də təqdim etdiyi xidmətlərdə artım müşahidə edilir.

Sputnik Azərbaycan-ın əməkdaşı Bilgəh, Novxanı, Corat, Pirşağı çimərliklərində olaraq, mövcud vəziyyətlə tanış olub.

Təmizliyi və səliqəsinə görə, Bilgəh çimərliyi digər çimərliklərdən fərqlənir. Sahil zolağının təmizliyi, istirahət mərkəzlərində xidmət Bilgəh çimərliklərində daha üstündür.

Qiymətlərdə isə digər çimərliklərdən fərqlənmir.

Burada da çətir və stol götürmək yerindən asılı olaraq, 10-20 manat arasında dəyişir.

Çay çaydanda 3-5 manat, samovar 15-20 manat, mürəbbə 5 manat, kabablar 5-10 manat, sac 20-60 manata, qutablar 50 qəpik-1,5 manata satılır.

Bilgəh çimərliklərində 10-20 manata yer götürüb, restoranların təklif etdiyi yeməklərdən imtina etmək də mümkündür.

Onu da qeyd edək ki, Bilgəh çimərliklərinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təhkim edilib.

Onlar hər gün 9.00-21.00-a kimi ərazilərdə xidmət edirlər. Artıq sahil zolaqlarına nazirliyin xəbərdarlıq lövhələri yerləşdirilib.

Bilgəh çimərliyində dənizdə batma təhlükəsi ilə üz-üzə qalanların müşahidə edilməsi üçün xüsusi yüksək köşklər də quraşdırılıb. Bu köşklərdən növbəli şəkildə çimərlik müşahidə edilir və batma təhlükəsi olan şəxslərə qurumun digər əməkdaşları yardıma gedir.

Bilgəh çimərliklərində məhdudlaşdırıcı işarələr çox yaxındadır. Çünki burada dəniz dərindir. Amma çimərliyə gələn vətəndaşlar çox zaman xilasedicilərin tələblərinə əməl etmir.

Pirşağı çimərliklərini də təmiz və səliqəli hesab etmək olar. Burada isə stolun qiyməti 10 manatdır. Yeməklərin qiyməti isə nisbətən münasibdir. Ancaq maraqlısı budur ki, bu çimərliklərdə vətəndaşlar restoranların təklif etdiyi xidmətlərdən çox istifadə etmirlər.

Novxanı çimərliklərində istirahət mərkəzi olan ərazilər təmizdir. Burada vətəndaşlar mərkəzlərdən stol-yer götürməslər belə, dənizin kənarında örtük salaraq, istirahət edə bilirlər. İstirahət mərkəzləri hələlik vətəndaşlara heç bur məhdudiyyət qoymur.

Qiymətlərə gəlincə, burada da qiymətlər Bilgəh çimərliklərində olduğu kimidir. Dənizə yaxın ərazilərdə stollar 20 manat, dənizdən bir qədər aralı isə 10 manatdır. İstirahət mərkəzləri yerin haqqını aldıqdan sonra vətəndaşların istirahətinə qarışmır. Əgər kimsə evdən yemək, meyvə-tərəvəz gətiribsə, yeri aldıqdan sonra istədiyi kimi istədiyi kimi və istədiyi qədər istirahət edə bilər.

Burada kabablar 4-10, sac yeməkləri 18-30, salatlar 3, qatıq 1, şirin sular 1-5, çay 3-15 manat, mürəbbə 5 manata satılır.

orat çimərliklərində də vəziyyət eynidir. Coratdan üzü Sumqayıt istiqamətində boş ərazilər var ki, bəzi insanlar buradan da çimərlik kimi istifadə edir.

Ancaq xüsusilə qeyd edək ki, bu ərazilərdə FHN-nin xilasediciləri xidmət göstərmədiyi üçün ərazi çimmək üçün təhlükəli hesab edilir. Ərazi qeyri -qanuni çimərlik hesab edilir.

Nə qədər acınacaqlı olsa da, vətəndaşlar çox zaman bu əraziyə üstünlük verir. Və çox zaman da istirahət etdikləri məkanı elə çirkli vəziyyətdə buraxıb gedirlər.

Bakının çimərliklərində vəziyyət əlyandıran qədər bahalı, əlçatmaz deyil. Yəni kiçik bir büdcə ayıraraq, həftə sonunu maraqlı keçirə bilərsiniz.

DİGƏR XƏBƏRLƏR

Top