Prezidentin yüksək vəzifəyə təyin etdiyi sədrin TƏRCÜMEYİ-HALI


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Famil Front oğlu Mustafayevin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri təyin edilməsi barədə sərəncam imzalayıb.


Famil Mustafayev 18 sentyabr 1966-cı ildə dünyaya gəlib. 1983-cü ildə Salyan rayonu N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirib. 1984-1989-cu illərdə Rusiya Federasiyasında Rostov Dövlət Universitetinin İqtisadiyyat fakültəsində siyasi iqtisad ixtisası üzrə, 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyəti

1989–1992-ci illərdə Azərbaycan Texniki Universitetində "Siyasi iqtisad” kafedrasında müəllim,
1992–1994-cü illərdə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində şöbə rəisi, Sahibkarlığa Kömək Milli Fondunun direktor müavini,
1994–1996-cı illərdə "Azərbaycan İnvestisiya Şirkəti” SC-nin vitse-prezidenti, prezidenti,
1996–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsində şöbə rəisi, Milli Depozit Mərkəzinin icraçı direktoru, prezidenti,
1999–2000-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Milli Depozit Mərkəzinin prezidenti,
2001–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "İqtisadi nəzəriyyə-2” kafedrasının baş müəllimi,
2004–2015-ci illərdə "Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini,
2015–2016-cı illərdə Azərbaycan Respublikasının təhsil nazirinin müşaviri, 
2016–2018-ci illərdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifələrində işləyib.

2004-cü ildən hal-hazıradək Azərbaycan Dövlət İqtisad Universitetində 0,5 ştat professor vəzifəsində çalışır.
2011–2013-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının "İqtisadiyyat” elmləri üzrə ekspert şurasının üzvü,
2013-cü ilin fevral–oktyabr aylarında Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının "İqtisadiyyat və hüquq” elmləri üzrə ekspert şurasının sədri,
2013–2018-ci illərdə "İqtisadiyyat” elmləri üzrə ekspert şurasının sədri olmuşdur.
2017-ci ilin sentyabr ayından hal-hazıradək Təhsil Nazirliyi yanında Təhsil və Məşğulluq üzrə Daimi Şuranın sədridir.
2018-ci ilin iyul-sentyabr aylarında Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının üzvü olmuşdur.
2018-ci ilin sentyabr ayından Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin müavini vəzifəsinə təyin edili. İndiyədək sədr vəzifələrini icra edirdi.

Elmi fəaliyyəti

1998-ci ildə "Keçid dövründə çoxukladlı iqtisadiyyatın formalaşmasında özəlləşdirmənin rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək İqtisad elmləri namizədi elmi dərəcəsini alıb.
2010-cu ildə "Transformasiya şəraitində makroiqtisadi proseslərin dövlət tənzimlənməsi problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək İqtisad üzrə elmlər doktoru elmi dərəcəsini alıb.
2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adını, 2014-cü ildə isə professor elmi adını alıb.
60-dan çox məqalə, dərslik, dərs vəsaiti və proqramları, iki monoqrafiyanın müəllifidir.

Ailəlidir, iki övladı var.

DİGƏR XƏBƏRLƏR

Top