1000 manatdan yuxarı əməkhaqqı alan müəllimlər var - Nazirlik


“Azərbaycan Prezidentinin bu günlərdə imzaladığı müvafiq sərəncamlara əsasən, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin əmək haqlarının növbəti dəfə artırılması onların orta aylıq əmək haqqının 600 manatı ötməsinə gətirib çıxarıb. Həm ümumi təhsil, həm peşə təhsili müəssisələrində bu kateqoriyadan olan müəllimlərin sayı 160 mindir”.

Bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov deyib.

O bildirib ki, diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin ali və ya orta ixtisas təhsilli olması, pedaqoji stajı və dərs yükü vəzifə maaşına təsir edən amillərdir: “Bu artımdan əvvəl, 18 ildən çox stajı olan müəllimin 18 saatlıq dərs üçün vəzifə maaşı 495 manat idi. Bu artımdan sonra həmin rəqəm 594 manata çatdı. Son sərəncamlardan sonra diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əmək haqları təxminən 100 manat həcmində artıb. Əgər müəllimin əlavələrdən başqa, vəzifə maaşı 500 manatdırsa, o vəzifə maaşının 20 faizini alacaq. Prezidentin sərəncamları ancaq vəzifə maaşına şamil olunur”.

Minimum əmək haqlarının artırıldığını da xatırladan F. Qədirov qeyd edib ki,  təhsil müəssisələrində müəllimlərlə yanaşı, digər işçilər də fəaliyyət göstərir: “Onların sayı 110 minə yaxındır. Minimum əmək haqqının artması onlara da təsir edəcək. Lakin bir məsələni xüsusi qeyd etməliyik ki, bütün müəllimlər 600 manat orta aylıq əmək haqqı almır. Bizim sistemdə elə müəllimlər var ki, onlar dərs yükünə, pedaqoji stajına görə 1000 manatdan yuxarı əməkhaqqı alırlar”. (APA)

DİGƏR XƏBƏRLƏR

Top