Usubov Ağstafada 4 nəfərin öldürülməsi hadisəsindən DANIŞDI

"Azərbaycanda namus və digər əsaslarla törədilən qəsdən adamöldürmə cinayətlərilə bağlı daim təhlillər aparılır".

Bunu jurnalistlərə açıqlamasında Baş prokurorun birinci müavini Rüstəm Usubov deyib.

Onun sözlərinə görə, həmin təhlillər nəticəsində müəyyən profilaktik tədbirlər görülür, təqdimatlar edilir: "Azərbaycanda qətl hadisələrinin sayı ildən-ilə azalır, cinayətlərin üstünün açılma faizi isə çoxalır".

R.Usubov Ağstafada insan ölümü və yaralanması ilə nəticələnən hadisə ilə bağlı danışarkən qeyd edib ki, ailələr arasında uzunmüddətli dava olub: "Vəzifəli şəxslər vaxtı ilə ailələrlə ciddi söhbətlər apararaq onları həmişə barışığa dəvət edib. Zamanında buna nail olunmuşdu. Bunun nəticəsində alınan cəzalar azaldılmışdı. Aradan uzun müddət keçməsinə baxmayaraq, Elnur Süleymanov qisas almaq niyyətinə düşüb və cinayəti törədib. Hazırda Səhiyyə Nazirliyi yaralıların səhhəti ilə məşğul olur".

Xatırladaq ki, iyunun 17-də Ağstafada 4 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən silahlı insident baş verib. Hadisə rayonun Böyük Kəsik kəndində yerləşən bazarda qeydə alınıb. Kütləvi qətlə iki ailə arasında qan davası səbəb olub. Ağstafa rayonunun Sadıxlı kənd sakini Elnur Süleymanov atasının qisasını almaq niyyətilə Şərqiyyə Musayeva, oğlanları Novruz və Şəmiddin, həmçinin Ağgöl kənd sakini Zeynəb Cəlilovanı "Kalaşnikov" markalı avtomat silahı ilə qətlə yetirib. O, daha sonra polisə gedərək könüllü təslim olub. (Virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top