Ağstafadakı qan davasında anasını itirən şəxs: Namus davası adı altında binamusluq elədilər!


"Namus davası adı altında binamusluq elədilər".

Yeniavaz.com xəbər verir ki, bu fikirləri Ağstafada 4 nəfərin ölümü ilə nəticələnən qan davasında anasını itirən Azad Cəlilov bildirib.
İyunun 17-də 4 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən 12 illik qan davasında təsadüfən həyatını itirən Ağstafa rayonu Ağgöl kənd sakini Zeynəb Cəlilovanın oğlu Azad Cəlilov sosial şəbəkədə bununla bağlı yazıb.
O bildirib ki, hadisənin səbəbkarları namus davası adı altında binamusluq etdilər: "Adını namus davası qoydular, başlıq yazdılar: Ağstafada cinayət, "Kalaşnikov" ilə atasının qisasını aldı! Bəs mənim anamın günahı nə idi? Sadəcə yanlış zamanda yanlış yerdə olmaq? Kor bir güllənin qurbanı oldu mənim anam! Abbasqulu bəy demiş, bəs bunu kimin namusuna yazaq? Gedim qisas alım, bəlkə mən də onun anasını öldürüm? Anam geri gələcəkmi? Namus davası adı altında binamusluq elədilər! 24 yaşlı bir binamus həyatımızı məhv etdi, artıq xəstəlik kağızını da alıb, yaxın bir neçə ilə çıxacaq həbsdən, çünki ölkəmizdə insandan başqa hər şeyin bir dəyəri, bir bədəli, bir qiyməti var!...".

Qeyd edək ki, iyunun 17-də Ağstafada 12 il əvvəl başlayan qan davası 4 nəfərin qətlinə, 3 nəfərin isə yaralanmasına səbəb olub. Rayonun Sadıxlı kəndində iki ailə - Süleymanovlar və Musayevlər arasında torpaq üstündə başlayan münaqişə 2007-2008-ci illərdə Süleymanovlardan 2, Musayevlərdən isə 1 nəfərin ölümü ilə nəticələnib. Bu davanın davamı olaraq iyunun 17-də törədilən dəhşətli qətldə isə Süleymanovlar ailəsinin üzvü Elnur Süleymanov Novruz və Şəmiddin Musayevləri və onların anaları Şərqiyyə Musayevanı qətlə yetirib. Qətliam qonşu Böyük Kəsik kəndinin kənd təsərrüfatı məhsullarının satışı bazarında baş verib. 1994-cü il təvəllüdlü Elnur Süleymanovun açdığı atəş nəticəsində ərazidən təsadüfi keçən Azad Cəlilovun anası Ağgöl kənd sakini Zeynəb Cəlilova da qətlə yetirilib.

DİGƏR XƏBƏRLƏR

Top