Bu rayonda 821 işsiz qeydiyyata alınıb, amma heç kimə müavinət verilməyib


2019-cu il iyun ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 50 min 352 nəfər olub, onların 32,6%-ini qadınlar təşkil edib.
Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, rəsmi işsiz statusu verilən şəxslərin sayı son bir il ərzində 37,1% və ya 13 min 633 nəfər artıb.
İşsizlərdən fərqli olaraq işsizlik müavinəti alanların sayı son bir il ərzində 4,5 dəfə və ya 2 min 944 nəfər azalıb.
İşsizlik müavinətinin orta məbləği isə 229,6 manat olub və 2018-ci ilin eyni dövrü ilə müqayisədə 33,9% və ya 117,8 manat azalma olub.
Qeyd edək ki, işsiz statusuna malik insanların təxminən yarısı - 22 min 713 nəfəri Bakı şəhərinin payına düşüb. Bakı şəhərindən sonra ən çox işsiz Sumqayıt şəhəri, Şəmkir, Abşeron, Salyan, Hacıqabul, Bərdə və Ağdam rayonunda qeydə alınıb. Sumqayıtda işsiz statusuna malik şəxslərin sayı 3 235, Şəmkirdə 2 575, Abşeronda 1 305, Salyanda 1 220, Hacıqabulda 997, Bərdədə 821, Ağdamda isə 790 nəfər olub.
İşsiz statusuna malik insanların ən az olduğu rayonlar arasında isə ilk yerlərdə Zərdab, Lerik, Yardımlı, Saatlı, Şuşa və Qobustann rayonları dayanır. Açıqlanan rəsmi məlumata görə, Zərdabda 48, Lerikdə 78, Yardımlıda 60, Saatlıda 73, Şuşada 80, Qobustanda isə qeydiyyatdan keçən 23 işsiz insan var.
Azərbaycanda işsiz statusuna malik insanların yaşamadığı rayonlar arasında isə Naxçıvan Muxtar Respublikasına daxil olan rayonlar yer alır. Muxtar Respublikaya daxil olan Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarında bir nəfər də olsun işsiz statusuna malik insan yoxdur.
Bəzi rayonlarda isə işsizlərə bir manat da olsun müavinət verilməyib. Hətta Bərdə rayonunda 821 nəfər şəxs işsiz kimi rəsmi qeydiyyata alınsa da, bu rayonda işsizlik müavunəti alan olmayıb. İşsizlik müavinəti verilməyən rayonların sırasında  Zərdab (48 işsiz), Daşkəsən (675 işsiz), Ağstafa (355 işsiz), Göygöl (146 işsiz), Qobustan (23 işsiz), Lerik (78 işsiz), Şuşa (80 işsiz) və Astara (244 işsiz) rayonları olub.

DİGƏR XƏBƏRLƏR

Top