Azərbaycanlı güləşçi: "Avropa Oyunlarına daha yaxşı hazırlaşmışam"


"Hazırlıqlarımız yüksək səviyyədədir. Həm texniki, həm də fiziki cəhətdən yaxşı hazırlaşmışıq".

Bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycanın sərbəst güləşçisi Mahir Əmiraslanov “Minsk 2019” II Avropa Oyunlarına hazırlıq barədə danışarkən deyib.

57 kq çəki dərəcəsində mübarizə aparan idmançı təlim-məşq toplanışlarının da kifayət qədər yaxşı keçdiyini vurğulayıb. O deyib ki, güləşçilər fikirlərini yarışa cəmləyib: "Ümid edirəm ki, yaxşı nəticələr əldə edəcəyik. Hədəfimiz qızıl medal qazanmaqdır. Böyüklər arasında Avropa çempionatında üçüncü oldum. Avropa Oyunlarına isə daha yaxşı hazırlaşmışam. Bürünc medalı qızıl medalla əvəzləmək istəyirəm. Rəqiblərimin arasında ən güclüsü rusiyalıdır, amma indiyədək onunla qarşılaşmamışam. Ümid edirəm ki, final görüşündə onunla qarşılaşarıq. Ən güclü kimdirsə, o da məlum olacaq".

Yunan-Roma güləşçisi İslam Abbasov da hazırlığın yaxşı keçdiyini söyləyib. O, daha öncə Göygöl rayonunda təlim-məşq toplanışında olduqlarını deyib: "İki həftə orada olduq, istirahət etdikdən sonra isə yenə iki həftə hazırlıq prosesi keçdik. Hazırlığımız yüksək səviyyədədir. Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi bizə ciddi nəzarət edir. Öz köməklərini əsirgəmirlər ki, idmançılar yaxşı nəticələr qazansın. Onlara təşəkkürümü bildirirəm. Çalışacağıq ki, yaxşı nəticələr əldə edək".

Qeyd edək ki, II Avropa Oyunları 21 - 30 iyunda Belarusun paytaxtı Minskdə keçiriləcək. Güləş yarışları 25 – 30 iyunda olacaq. Azərbaycan yarışda 16 güləşçi ilə təmsil olunacaq. (report)

DİGƏR XƏBƏRLƏR

Top