Ermənilər Türkiyədə erməni terrorçunun məzarını ziyarət etdilər - FOTO


Xəbər verdiyimiz kimi, bu ilin avqust ayının 6-da işğal altında olan Xankəndi şəhərində "Ümumerməni oyunları"nın açılış mərasimi baş tutacaq. Açılış mərasimindən əvvəl Ümumerməni Oyunlarının Dünya Komitəsinin sədri İşxan Zakaryanın başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə silsilə səfərlər təşkil edir.

Yeniavaz.com Ermənistan KİV-lərinə istinadən bildirir ki, nümayəndə heyətinin tərkibində erməni diasporunun tanınmış nümayəndələri yer alıb. Onların arasında erməni diasporunun məşhur simalarından olan ABŞ-dan Alber Boyacyan, Livandan Stepan Terpetrosyan, həmçinin erməni yazıçılar Roland Şaroyan, Perç Halacıyan, Nikol Paşinyanın partiyasından olan millət vəkili Taquhi Tovmasyan, Ermənistan Elmlər Akademiyasının Tarix İnstitunun direktoru Edik Minasyan və digərləri olub.
Erməni nümayəndələr ötən həftə tarixdə ilk dəfə olaraq Ermənistanın paytaxtı İrəvandan Türkiyənin Van şəhərinə təşkil edilən birbaşa aviareys vasitəsilə səfər ediblər. Onlar Qars və Van şəhərlərində Xalqların Demokratik Partiyasından (HDP) olan bələdiyyə sədrlərilə görüşlər keçirib. Bələdiyyə sədrlərilə görüşdə erməni nümayəndə heyətinə qiymətli hədiyyələr təqdim olunub.  
"Ümumerməni oyunları"nın təşkilat komitəsinin üzvləri həmçinin Türkiyənin Hatay vilyatində yerləşən "Musa Dağı"nın yaxınlığndakı Vakıflı kəndidəki "Məryəm Ana" ("Surb Asdvadzadzin") kilsəsində dini ayin həyata keçiriblər. Ayin zamanı yandırılan şamlar vasitəsilə "Ümumerməni oyunları"nın məşəlini də yandırıblar və bu məşəli bu ilin avqust ayının 6-da işağal altında olan Xankəndi şəhərində baş tutacaq açılış mərasiminə aparacaqlar. Məşəl yandırma mərasimində Ermənistan bayrağı ilə birgə işğal altında olan Dağlıq Qarabağda yaradılan seperatçı "Artsax" rejiminin bayrağı da qaldırılıb. 
Mərasim iştirakçıları daha sonra "Kilikiyə Erməni Krallığının" paytaxtı olduğu iddia etdikləri "Sis" (Kozan) qalasını, həmçinin özlərinin kralı olduğu iddia etdikləri 2-ci Levonun qalasını da ziyarət ediblər.
Məlumat üçün onu da bildirək ki, "Musa Dağı" ermənilər üçün həm də Osmanlıya qarşı başladılan üsyan hərəkatının simvolu hesab olunur. 1915-ci ildə Osmanlıya qarşı üsyan edən ermənilər "Musa Dağı"na çıxaraq müqavimət göstərmiş və daha sonra Fransız gəmilərinin yardımı ilə ordan xilas olmuşdular.
Dünən isə "Ümumerməni oyunları"nın təşkilat komitəsinin üzvləri Muş rayonunda hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan bələdiyyə sədri Feyat Asya ilə bir araya gəliblər. Ermənistan mətbuatı yazır ki, Feyat Asya ermənilərin bu səfərindən məmnun olduğunu bildirib. Numayəndə heyətinin sədri  "Ümumerməni oyunları"nın dəvətnaməsini Muş bələdiyyə sədrinə təqdim edib. Daha sonra nümayəndə heyəti ötən əsrin əvvəllərində Osmanlı dövlətinə qarşı üsyan edən və 1907-ci ildə öldürülən erməni əsilli terrorçu Gevorq Çavuşun (Aramiyan) məzarını ziyarət ediblər. Həmçinin Gevorq Çavuşa hörmət ələmati olaraq onun öldüyü Murat çayı üzərindəki Murat körpüsündən (ermənilər Aratsan çayı deyirlər) suya çiçəklər atıblar.
Məlumat üçün bildirək ki, Gevorq Çavuş 1870-ci ildə indiki Türkiyə ərazisində - Bitlisdə dünyaya gəlib. Daşnaksütun partiyasının üzvü olub. Osmalı dövlətinə qarşı üsyan edən erməni  terrorçu qruplarının tərkibində döyüşüb. 1894-cu ildə 1-ci Sasun üsyanına qatılır və tutularaq 15 il müddətinə həbs olunur. Lakin 2 ildən sonra həbsdən qaçaraq Andranik Ozanyanla tanış olur. 2-ci Sasun üsyanında Andraniklə birgə vuruşur. 25 may 1907-ci ildə ağır yaralanır və 2 gün sonra cəsədi Murat körpünün altından tapılır. Onu da bildirək ki, bir neçə il əvvəl Türkiyənin Tunceli rayonunda aralarında Andranik, Monte Melkonyan və Gevorq Çavuşun da olduğu bir qrup erməni terrorçunun xatirəsinə abidə ucaldılmışdı. Daha sonra Azərbaycan və Türkiyə ictimaiyyətinin etirazlarından sonra həmin abidə götürüldü. Hazırda Gevorq Çavuş Ermənistanda ən çox təbliğ olunan "qəhərəman"lardan biridir. 
"Ümumerməni oyunları"nın təşkilat komitəsinin üzvləri özlərinin qədim paytaxtı elan etdikləri Ani şəhərinin xarabalıqlarını da ziyarət ediblər.


DİGƏR XƏBƏRLƏR

Top