Azərbaycan Gürcüstanın ən çox məhsul satdığı 2-ci ölkə oldu


Bu ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana ixrac edilən malların ümumi dəyəri 168 milyon 790,7 min dollar olub.
Yeniavaz.com Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı məlumatlara istinadən bildirir ki, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə Azərbaycana ixrac edilən malların dəyəri 4% artıb. Belə ki, 2018-ci ilin yanvar-may ayları ərzində Gürcüstandan Azərbaycana 162 milyon 265,1 min dollar dəyərində məhsul ixrac edilib.
Azərbaycan Rusiyadan sonra Gürcüstanın ən çox məhsul ixrac etdiyi ölkə olub. Yanvar-may aylarında Gürcüstanın ümumi ixracının 11,5%-i Azərbaycanın payına düşüb. Onu da bildirək ki, Gürcüstanın ən çox məhsul satdığı ölkələrin sıralamasında Azərbaycandan sonrakı yerlərdə Bolqarıstan (son 5 ay ərzində 119,1 milyon dollar), Ermənistan (116,6 milyon dollar), Ukrayna (62,3 milyon dollar) və Türkiyə (106,2 milyon dollar) gəlir.
İdxala gəldikdə isə qeyd edək ki, Gürcüstan Milli Statistika Xidməti ötən 5 ay ərzində Azərbaycandan 266,8 milyon dollar dəyərində məhsul idxal etdiklərini bildirir. Ötən ilin analoji dövrü ilə müqayisədə idxalın həcmi 1,5% azalıb. Azərbaycan Türkiyə, Rusiya və Çindən sonra Gürcüstanın ən çox məhsul idxal etdiyi ölkədir. Gürcüstan son 5 ay ərzində Türkiyədən 595,7 milyon dollar, Rusiyadan 349,6 milyon dollar, Çindən isə 347,9 milyon dollar  dəyərində məhsul idxal edib.
Məlumat üçün onu da qeyd edək ki, bu ilin ilk 5 ayı ərzində Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 4 milyard 959,4 milyon dollar olub və ötən ilin analoji dövrü ilə müqayisədə 1,1% çoxdur.
Qonşu ölkənin idxalı 3,6% azalaraq 2 milyard 26,1 milyon dollar, ixrac isə 14,2% artaraq 1 milyard 466,7 milyon dollar təşkil edib.
 

DİGƏR XƏBƏRLƏR

Top